Yaxın onilliklərdə şəhərlərə gələcək təxminən iki milyard insanın mənzil ehtiyaclarının qarşılanması üçün ölkələr uzunmüddətli maliyyələ sistemi qurmalıdır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi XXXVII Yüksəksəviyyəli Görüşdə bildirib.
Rossbaxın sözlərinə görə, bir çox şəhərlərin maliyyə resursları cəlb etmək üçün kifayət qədər muxtariyyəti yoxdur, eyni zamanda, həyata keçirilə bilən layihələrin hazırlanması və özəl investisiyaların cəlbi ilə bağlı çətinliklər qalır.
“Əsas sual budur: bunu necə maliyyələşdirə və öz mexanizmlərimizi necə yarada bilərik? Ölkələrin güclü mənzil maliyyələşdirmə sistemlərinə ehtiyacı var. Söhbət yalnız ayrı-ayrı layihələrdən getmir. Güzəştli maliyyələşdirmə və beynəlxalq inkişaf banklarının imkanlarının genişləndirilməsi vacibdir. Əsas məsələlərdən biri mövcud beynəlxalq maliyyə resurslarından istifadə etmək üçün ölkələrin daxili maliyyə imkanlarını gücləndirməsidir”, - deyə Anaklaudia Rossbax vurğulayıb.