BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökuməti tərəfindən təşkil olunmuş “Sülh yolu ilə rifah: Trans-Xəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edərək, Azərbaycanın iqtisadi artımın, dayanıqlı təchizat zəncirlərinin və yeni investisiya imkanlarının hərəkətverici qüvvəsi kimi daha güclü regional əlaqələrə dair baxışını vurğulayıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əlaqəlilik, sülh quruculuğu və rifahı özündə birləşdirən layihə kimi TRIPP-ə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, tarixi Vaşinqton sammitinin əsas nəticələrindən biri olan TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin edəcək, daha geniş əlaqəliliyi gücləndirəcək və davamlı regional sülhə töhfə verəcək.
Nazir layihənin həyata keçirilməsi prosesində ABŞ-nin göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Ceyhun Bayramov, həmçinin TRIPP-in regional enerji əlaqəliliyinin və şaxələndirilməsinin inkişaf etdirilməsi potensialını vurğulayıb.
Bundan əlavə nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası əsasında formalaşan inteqrasiya olunmuş nəqliyyat və logistika qovşağına davamlı investisiyalarını qeyd edib. O, rəqəmsallaşmanın, sadələşdirilmiş logistika və gömrük prosedurlarının, eləcə də tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayaraq, xüsusilə Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurlu əlaqələndirmə yol xəritələrini qeyd edib.