Global Art
ART KLUB

Azərbaycan xalçaçılıq sənətinin qədim irsi və dünya mədəniyyətində rolu mövzusunda görüş keçiriləcək

Azərbaycan xalçaçılıq sənətinin qədim irsi və dünya mədəniyyətində rolu mövzusunda görüş keçiriləcək

Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu xalqımızın milli-mədəni kimliyini, estetik dünyagörüşünü və tarixi yaddaşını özündə yaşadan ən qiymətli irs nümunələrindən biri kimi qəbul edilir. Qədim İpək Yolunun mühüm mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan, əsrlər ərzində formalaşdırdığı zəngin xalçaçılıq məktəbləri ilə dünya dekorativ-tətbiqi sənət tarixində xüsusi yer qazanıb.

Azərbaycan xalçaları yalnız incə sənət nümunəsi deyil, eyni zamanda xalqın fəlsəfəsini, həyat tərzini, inanclarını və mənəvi dəyərlərini özündə əks etdirən unikal vizual dildir. Qarabağ, Quba, Şirvan, Təbriz, Gəncə və digər xalçaçılıq məktəblərinin yaratdığı ornamentlər və kompozisiyalar bu gün dünyanın aparıcı muzeylərində nümayiş olunur, beynəlxalq sənətşünaslıq mühitində yüksək qiymətləndirilir.

Azərbaycan xalça sənətinin bəşəri əhəmiyyəti 2010-cu ildə UNESCO tərəfindən də təsdiqlənərək “Azərbaycan xalçaçılıq sənəti” bəşəriyyətin mədəni irs siyahısına daxil edilib. Bu sənət növü əsrlər boyunca yalnız məişət elementi kimi deyil, həm də xalqın tarixini, sosial münasibətlərini, mifoloji təsəvvürlərini və simvolik düşüncə sistemini gələcək nəsillərə ötürən mühüm mədəni fenomen kimi inkişaf edib.

Bu zəngin irsə həsr olunmuş “Azərbaycan xalçaları” mövzusunda Bakıda 6 iyun tarixində "Art & Creativity Club" incəsənət mərkəzi tərəfindən sənətşünas Sədaqət Əliyevanın iştiraki ilə unikal bir art-görüş və mühazirə keçiriləcək. Tədbirdə iştirakçılar Azərbaycan xalçalarının ornamentləri və gizli simvolları ilə bağlı geniş məlumat əldə edəcək, qədim naxışların mənaları və onların fəlsəfi mahiyyəti barədə dinləyəcəklər.

Mühazirə çərçivəsində qədim simvolların semantikası, enerjilərin xalça ornamentlərinə kodlanması, müxtəlif bölgələrə aid naxışların müəyyənləşdirilməsi, xalça dilində qorunma, məhsuldarlıq, sevgi və əbədilik ideyalarının ifadəsi kimi mövzulara toxunulacaq. Eyni zamanda iştirakçılar xalçaların vizual dilini oxumaq və ornamentlərin arxasında gizlənən məna qatlarını anlamaq imkanı əldə edəcəklər.

İnteraktiv formatda təşkil olunacaq görüşün sonunda iştirakçılar simvollar əsasında fikir mübadiləsi aparacaq və tədbirin yekununda elektron sertifikat ilə təltif olunacaqlar.

Qeydiyyatla bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 51 777 85 98

Global Art

Azərbaycan xalçaçılıq sənətinin qədim irsi və dünya mədəniyyətində rolu mövzusunda görüş keçiriləcək — 1 Azərbaycan xalçaçılıq sənətinin qədim irsi və dünya mədəniyyətində rolu mövzusunda görüş keçiriləcək — 2

Daha çox