Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib. Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar. Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Belarusa səfər çərçivəsində Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” ilə tanış olub. Azərbaycan Ticarət Evində “Made in Azerbaijan” brendi altında təqdim edilən məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarında istehsal olunan məhsullara baxış keçirən Baş nazirin müavini yerli istehsalın təşviqi və ticarət infrastrukturunun inkişafı sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Belarusun Nazirlər Kabinetində görüş zamanı Azərbaycan nümayəndə heyətini salamlayan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan-Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır. Turçin iki ölkə arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb və qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin, yeni sənaye layihələrinin həyata keçirilməsinin qarşılıqlı fayda gətirəcəyini qeyd edib.
A.Turçin sənaye kooperasiyasında birgə istehsal sahələrinin, o cümlədən maşınqayırma, xüsusi və kommunal texnika, eləcə də digər məhsulların birgə istehsalının perspektivlərini yüksək qiymətləndirib.
Baş nazir əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb. Bu çərçivədə tərəflər sənaye kooperasiya sahəsində yeni təşəbbüslərin irəli sürülməsi və praktiki layihələrin həyata keçirilməsi üçün qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.
Global Art