Global Art
XəBəRLəR

Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib

Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib

Azərbaycan BMT-nin din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçisinin hesabatında yer alan iddiaları rədd edərək, sənədin hazırlanmasında qərəzli və seçici yanaşmaya yol verildiyini bildirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı çıxışında bildirib.

Diplomat xüsusi məruzəçinin hesabatının 16 və 17-ci bəndlərində irəli sürülən iddiaları Azərbaycanın qətiyyətlə rədd etdiyini vurğulayıb.

“Xüsusi məruzəçi Azərbaycanla bağlı əsassız iddialara istinad etdiyi halda, təxminən 30 illik işğal dövründə universal dəyərə malik dini irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsi faktlarına diqqət yetirməyib. Xüsusilə, ən azı 65 məscid yerlə-yeksan edilib, qəbiristanlıqlar isə geniş miqyasda dağıdılıb və talan olunub”, – deyə Şəhriyar Hacıyev bildirib.

Azərbaycan nümayəndəsi qeyd edib ki, xüsusi məruzəçinin bu faktlara münasibətdə susması, eyni zamanda hesabatına əsassız iddiaları daxil etməsi onun qərəzsizliyi və obyektivliyi ilə bağlı suallar doğurur.

Diplomat vurğulayıb ki, BMT-nin xüsusi prosedurları çərçivəsində mandat sahibləri öz fəaliyyətlərini obyektiv və qərəzsiz şəkildə, kənar müdaxilələrə yol vermədən həyata keçirməlidirlər.

Çıxış zamanı Azərbaycanda dini etiqad azadlığının təmin olunması istiqamətində görülən tədbirlərə də toxunulub. Bildirilib ki, ölkədə müxtəlif dini icmaların fəaliyyətinə və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verilir.

Qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş dini icmaların sayı 994 olub. Onlardan 956-sı İslam, qalanları isə xristian, yəhudi, bəhai və Krişna dini icmalarına aiddir. Hazırda ölkədə 2387 məscid, 16 kilsə, 23 ibadət evi, 7 sinaqoq, bir bəhai və bir Krişna ibadət məkanı fəaliyyət göstərir.

Şəhriyar Hacıyev sonda xüsusi məruzəçiləri dini etiqad azadlığı ilə bağlı problemlərin həllinə həqiqətən töhfə vermək üçün qərəzli və seçici yanaşmalardan çəkinməyə çağırıb.

Daha çox