Global Art
XəBəRLəR

Azərbaycan milli mətbuatı 151 ildə şərəfli inkişaf yolu keçib

Azərbaycan milli mətbuatı 151 ildə şərəfli inkişaf yolu keçib

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.


XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunaların biri oldu.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı.

Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdi. Bu baxımdan “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər xüsusi qeyd edilməlidir.

Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra mətbuatın azad və müstəqil inkişafına geniş imkanlar yaradıldı. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü.

1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi isə təkcə mətbuat üçün deyil, bütövlükdə demokratik cəmiyyət quruculuğu baxımından mühüm dönüş nöqtəsi oldu. Bu qərar sözə azadlıq, mətbuata yeni nəfəs, jurnalistlərə isə cəsarət verdi.

Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir.

Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətlərin, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin və vandallığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu gün də yorulmadan fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla həyata keçirən milli mətbuatımız postmüharibə dövründə də bu əzmkarlığı davam etdirir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm bərpa-quruculuq işlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan mediası fəal iştirak edir və Böyük Qayıdış prosesini geniş işıqlandırır.

Hazırda media sahəsində sürətli qloballaşma prosesi gedir ki, bu da öz növbəsində mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi və yayımı üzrə ümumi qaydaları da dəqiqləşdirib. Bu il isə həmin qanuna mühüm əhəmiyyət daşıyan bir sıra dəyişikliklər edildi ki, bu da mediamızın inkişafına yeni töhfədir.

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın inkişafını sürətləndirmək, media resurslarının səmərəli idarə olunmasını təmin etmək və peşəkar jurnalistikaya dəstək vermək baxımından böyük önəm daşıyır. MEDİA, eyni zamanda, informasiya təhlükəsizliyi və media savadlılığının artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini də təmin edir.

Son üç ildir ki, Milli Mətbuat Günü ərəfəsində təşkil olunan Şuşa Qlobal Media Forumu təkcə regional deyil, qlobal səviyyədə tanınan nüfuzlu bir platformaya çevrilib. Forum dünyanın aparıcı media qurumlarının rəhbərlərini, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış ekspertləri, jurnalistləri və mətbuat strateqlərini bir araya gətirməklə beynəlxalq informasiya məkanında mühüm rol oynayır. Bu təşəbbüs Azərbaycanın media sahəsində əldə etdiyi nailiyyətləri, qlobal informasiya axınında artan rolunu və kommunikasiya imkanlarının genişliyini nümayiş etdirir.

Global Art

Daha çox