Global Art
İDMAN

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

Sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində azarkeşlər üçün müxtəlif əyləncə tədbirləri təşkil olunacaq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, yarış həftəsonu ərzində Bakı Bulvarında Fan-zona fəaliyyət göstərəcək. Burada F1 yarış simulyatoru və pit-stop yarışı, həmçinin müxtəlif idman və əyləncə proqramları keçiriləcək.

Azarkeşlər Formula 1 nümayiş bolidini və FIA Formula 1 dünya çempionatının kubokunu da görə biləcəklər. Həmçinin F1 Pilotu ilə selfi, F1 DJ podiumu və digər interaktiv fəaliyyətlər təşkil olunacaq.

Fan-zonada “Ninja Çağırışı” və ziplayn kimi əyləncələr də olacaq. Uşaqlar üçün isə mini elektrik avtomobilləri ilə yarış, akvaqrim, yaradıcılıq üzrə master-klaslar və müxtəlif batutlar nəzərdə tutulub.

Qran-Prinin proqramına pilotlarla görüşlər də daxildir. Fan-forumlar çərçivəsində pilotlar və komandaların nümayəndələri azarkeşlərin suallarını cavablandıracaqlar. Bundan əvvəl isə pilotların təqdimatı keçiriləcək.

Gün ərzində yarış ərazisində milli rəqslər, zərb alətləri və müxtəlif səyyar şoular nümayiş etdiriləcək. Fan-zonanın səhnəsində DJ Pancho, Maya Aziz, Nikolas Mun, Nazreen, Tim, Vugarixx, Excellent Band və Mardan Band çıxış edəcəklər.

Trekdəki tədbirlər başa çatdıqdan sonra musiqili proqram Bakı Kristal Zalında davam edəcək. Sentyabrın 24-də Kalvin Harris, sentyabrın 25-də isə Keti Perri səhnəyə çıxacaq.

Daha çox