Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək hüquqlarının müdafiəsi, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, yollayışların "E-AHİK" Elektron Rezervasiya Sistemi vasitəsilə verilməsi mexanizmindən, Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin, həmçinin Turizm və Ekskursiyalar Şurasının fəaliyyətindən bəhs olunub.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait, tətbiq edilən idarəetmə mexanizmləri və göstərilən xidmətlərlə yaxından tanış olduqlarını bildirib. O, əldə etdikləri təcrübənin faydalı olduğunu vurğulayıb.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı "Kurort" QSC ilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının "Həmkarlar İttifaqı Turizmi" Müəssisəsi arasında sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum tərəflər arasında təcrübə mübadiləsini, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsini, sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Global Art