İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi Təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Avstriyanın paytaxtı Vyanada keçirilən “Rəqəmsal maliyyə və süni intellekt dünyasında maliyyə sabitliyinin qorunması və maliyyə böhranlarının idarə olunmasında yeni çağırışlar: mərkəzi banklar üçün nəticələr” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Avstriya Mərkəzi Bankı (OeNB), Avropa Pul və Maliyyə Forumu (SUERF), Vyana Birgə İnstitutu və Yel Universitetinin Maliyyə Sabitliyi Proqramının birgə təşkilatçılığı ilə keçirilib.
Müasir maliyyə sisteminin aktual çağırışlarına həsr olunan konfrans dünyanın aparıcı mərkəzi banklarının, beynəlxalq maliyyə institutlarının və akademik dairələrin yüksəksəviyyəli nümayəndələrini bir araya gətirib. Müzakirələrdə əsas diqqət süni intellektin (Sİ) və rəqəmsal maliyyənin bank sektoruna və maliyyə sabitliyinə təsirinə yönəldilib. Ekspertlər Sİ-nin risklərin idarə olunması, məlumatların daha çevik təhlili və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaratdığını, eyni zamanda, alqoritmik qərarvermə, davranışların eyniləşməsi və rəqəmsal bank axınlarının sürətlənməsi kimi yeni sistem riskləri formalaşdıra biləcəyini vurğulayıblar.
Konfransın açılışında Avstriya Mərkəzi Bankının İdarə Heyətinin üzvü Tomas Steiner çıxış edib. Ardınca Niderland Mərkəzi Bankının keçmiş prezidenti və Maliyyə Sabitliyi Şurasının (FSB) keçmiş sədri Klaas Knot qeyri-bank maliyyə vasitəçiliyinin yaratdığı sistem riskləri və qlobal maliyyə sabitliyinə mümkün təsirləri barədə məruzə ilə çıxış edib.
Tədbirdə Avropa Mərkəzi Bankı, Beynəlxalq Hesablaşmalar Bankı (BIS), Beynəlxalq Valyuta Fondu (BVF), Avropa Sabitlik Mexanizmi, İngiltərə Bankı, Almaniya Federal Bankı (Deutsche Bundesbank), Avropa Bank Təşkilatı, Yel Universiteti, Frankfurt Maliyyə və Menecment Məktəbi (Frankfurt School of Finance & Management), “Raiffeisen Bank International” və “Erste Bank” kimi nüfuzlu qurumların rəhbər şəxsləri və yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.