Nyu-York şəhərində keçirilən BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda (HLPF 2026) Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə təcrübəsi təqdim edilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun birinci həftəsi başa çatıb. Forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində mövcud qlobal çağırışlar, əldə olunmuş irəliləyişlər və məqsədlərə nail olunmasının sürətləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Forumda iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycanda DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası, lokallaşdırılması, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə əldə edilən təcrübə barədə məlumat verib.
Forum çərçivəsində 2027-ci ildə Könüllü Milli Hesabat (Voluntary National Review – VNR) təqdim edəcək ölkələrin dəyirmi masasında, eləcə də DİM-lərin əlaqələndirilməsi və həyata keçirilməsində maraqlı tərəflərin iştirakına həsr olunmuş xüsusi sessiyada Könüllü Milli Hesabatın hazırlanması prosesi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.
Həmçinin Hüseyn Hüseynov Afrika ölkələri, İnkişafda Olan Kiçik Ada Dövlətləri və Orta Gəlirli Ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası zamanı qarşıya çıxan çağırışlara həsr olunmuş tematik sessiyada Azərbaycanın bu sahədə təcrübəsini bölüşüb.
Global Art