Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumunun texnologiyalar və təchizat zəncirinə həsr edilmiş sessiyasında layihənin texnoloji həlləri və praktiki icra imkanları müzakirə olunub. “Siemens Energy” şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qərbi Avropa üzrə vitse-prezidenti Maxim Zubovun moderatorluğu ilə keçirilən sessiyada “Jan De Nul”, “Prysmian”, NKT, ZTT, “Hengtong”, “Hellenic Cable” və “Orient Cable” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada “Jan De Nul” şirkətinin kommersiya rəhbəri Filip Olde Bijvank, “Prysmian” şirkətinin biznesin idarə edilməsi üzrə direktoru Tommaso Noya, NKT şirkətinin satış üzrə vitse-prezidenti Ercihan Kurt, ZTT şirkətinin biznes meneceri Adnan Muhammad, “Hengtong” şirkətinin texniki tədqiqat və inkişaf departamentinin texniki direktoru Konstantinos Tastavridis, “Hellenic Cable” şirkətinin biznesin inkişafı üzrə direktoru Timoleon Manolopoulos və “Orient Cable NBO UK” şirkətinin idarəedici direktoru Lai Wei təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyaları, sualtı elektrik kabellərinin istehsalı və quraşdırılması, mühəndislik, satınalma və tikinti (EPC) xidmətləri, innovativ texnoloji həllər və təchizat zəncirinin imkanları diqqət mərkəzində olub. Layihənin texniki icrası üçün zəruri istehsal və podrat imkanları, texnologiya təchizatçılarının hazırlığı, eləcə də irimiqyaslı enerji infrastrukturu layihələrinin həyata keçirilməsində beynəlxalq sənaye şirkətlərinin iştirak perspektivləri müzakirə edilib.
Sessiya çərçivəsində “Jan De Nul şirkəti” tərəfindən dünyada ilk olan 4000 metrdən artıq dərinlikdə tətbiq edilə bilən kabel texnologiyasının təqdimatı edilib. Bildirilib ki, bu texnologiya testlərdən uğurla keçərək öz effektivliyini sübut edib. Müvafiq maliyyələşmə mexanizmi olarsa bu texnologiyanın Yaşıl Enerji Dəhlizi layihəsində tətbiqi də mümkün ola bilər. Sessiya layihənin texnoloji hazırlığının qiymətləndirilməsi, potensial təchizatçı və podratçılarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, eləcə də praktiki icra mərhələsinə keçid baxımından əhəmiyyətli olub.