Global Art
XəBəRLəR

Azərbaycanın komitə sədri BMT-də işğaldan azad olunmuş ərazilərdə bərpa modelindən danışıb

Azərbaycanın komitə sədri BMT-də işğaldan azad olunmuş ərazilərdə bərpa modelindən danışıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri postmünaqişə şəraitində Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasının mühüm nümunəsidir. Biz “daha yaxşı bərpa et” prinsipi əsasında dayanıqlı, inklüziv və müasir şəhər və icmalar qururuq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində keçirilən “Local2030 Coalition” adlı xüsusi tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, yenidənqurmanın miqyasını və mürəkkəbliyini idarə etmək üçün Azərbaycan azad olunmuş ərazilər üzrə xüsusi institusional idarəetmə və koordinasiya sistemi yaradıb. Bu sistem mərkəzi dövlət qurumlarını, Prezidentin yerli səviyyədə xüsusi nümayəndələrini və icraçı qurumları vahid planlaşdırma və icra mexanizmi çərçivəsində birləşdirir. Bu model milli prioritetləri əlaqələndirilmiş ərazi fəaliyyətinə çevirir və dayanıqlılığın yerli planlaşdırma, icra və monitorinq proseslərinə inteqrasiyası üçün praktik çərçivə yaradır.

Komitə sədri deyib ki, yenidənqurma yalnız binaların və infrastrukturun tikintisi deyil, icmaların yenidən qurulması və yerli həyatın bərpası deməkdir.

“Hazırda 12 şəhərdən 8-i, 106 qəsəbə və kənd üzrə baş planlar təsdiqlənib. Mənzil tikintisi təhsil, səhiyyə, infrastruktur və digər ictimai xidmətlərlə paralel həyata keçirilir. Artıq 10 şəhərdə, 3 qəsəbədə və 34 kənddə ilk yaşayış məhəllələri istifadəyə verilib. Bu gün həmin ərazilərdə təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır”, - deyə Anar Quliyev vurğulayıb.

Global Art

Daha çox