XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 23-də Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir İspaniyanın Azərbaycandakı səfirliyi və ADU-nun birgə təşkilatçılığı ilə baş tutub.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Pedro Torrubia çıxışında Azərbaycan və İspaniya arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın və tərcümə layihələrinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ədəbiyyatının ispan dilində nəşrinin ölkənin zəngin ədəbi irsinin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yarımçıq əlyazma” romanının Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, əsərin ideya-məzmun xüsusiyyətlərindən və onun müxtəlif dillərə tərcüməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bədii əsərlərin xarici dillərdə nəşri milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm rol oynayır.
Təqdimat zamanı romanın ispan dilində nəşrinin Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına, eləcə də Azərbaycan və İspaniya arasında ədəbi-mədəni əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.
Əsərin ispan dilinə tərcüməsində ADU-nun müəllimləri Jalə Qənbərli, Aynur Quliyeva, Rəhimə Məmmədova, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva və Günel Qəmbərova iştirak ediblər.
Müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq nümunələrindən olan “Yarımçıq əlyazma” romanında mif, tarix və fəlsəfi düşüncə özünəməxsus bədii üslubda bir araya gəlir. “Kitabi-Dədə Qorqud” motivlərinə yeni baxış təqdim edən əsər tarixi yaddaş, kimlik və həqiqət axtarışı kimi mövzularla oxucunu düşünməyə sövq edir.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək Bakı Ekspo Mərkəzində davam edəcək. Sərgi yerli və xarici nəşriyyatları, yazıçıları, tərcüməçiləri və kitabsevərləri bir araya gətirərək ədəbi əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır.