Global Art
XəBəRLəR

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində günün sonuncu panel sessiyası keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, "Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları Sistemi regional inteqrasiya üçün” mövzusunda təşkil olunan sessiyada çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın transsərhəd bərpaolunan elektrik enerjisi ticarətinin inkişafı üçün milli sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılmasını və qarşılıqlı tanınmasını təmin edən regional mexanizmin yaradılmasını təklif etdiyini bildirib.

O deyib ki, yaşıl enerji dəhlizlərinin inkişafı ilə yanaşı, elektrik enerjisinin bərpaolunan mənbələrdən əldə edildiyini təsdiqləyən etibarlı və şəffaf sertifikatlaşdırma sistemi də vacibdir.

“Yaşıl dəhlizlər fiziki bağlantıları yaradırsa, sertifikatlaşdırma sistemləri transsərhəd bərpaolunan elektrik enerjisinin səmərəli fəaliyyət göstərməsinə imkan verən etimadın əsasını formalaşdırır”, - deyə nazir müavini qeyd edib.

Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova bərpaolunan enerji üzrə xüsusi sertifikatlaşdırma sxeminin qurulması ilə bağlı qaydaların artıq Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini və hazırda milli reyestrin hazırlanması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.

"Mənşə Zəmanətlərinin milli səviyyədə verilməsinin və yerli reyestrlərin beynəlxalq standartlara inteqrasiyasının əsas hədəflərdən biri olduğunu vurğulayan Rəna Hümbətova burada ən kritik məsələnin təkrar hesablamanın qarşısını almaq olduğunu deyib: "Qaydalar elə tənzimlənməlidir ki, buraxılan hər bir sertifikat şəffaf şəkildə izlənilsin və yalnız bir dəfə ödənilərək ləğv edilsin".

Regionumuzun hazırda qlobal yaşıl enerji qovşağına çevrildiyini vurğulayan "Deloitte & Touche" MMC-nin iqlim dəyişikliyi və dayanıqlılıq üzrə meneceri Cavahir Cəfərli deyib: "Beynəlxalq Enerji Agentliyinin hesabatlarına görə, inkişaf etməkdə olan dəhlizlərdə və iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar qlobal göstəricilərdən 2-3 dəfə sürətlə artmalıdır. Biz investorlar və dövlət qurumları ilə birgə dialoq platformalarında yer almaqdan, dövlətlərin dayanıqlı inkişaf ehtiyacları ilə özəl kapitalın maraqları arasında uzlaşma yaratmaqdan məmnunluq duyuruq".

Panel sessiyada çıxış edən Dünya Bankının Enerji Sektorunun İdarə Olunmasına Yardım Proqramının baş enerji iqtisadçısı Kler Marion Nikolas, Avstraliya Hökumətinin İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentinin fəaliyyət gündəliyi ilə iş üzrə direktoru Sebastyan Solter, "PwC" şirkətinin tərəfdaşı Şihab Əl-Borai regional yaşıl enerji dəhlizlərinin uğurlu fəaliyyəti və bərpaolunan enerji sektoruna beynəlxalq kapitalın cəlb edilməsi mexanizmləri barədə danışıblar. Onlar, həmçinin dövlətlərin iqlim hədəfləri ilə özəl investorların risk idarəetmə tələblərinin uzlaşdırılmasının vacibliyini diqqətə çatdırıblar.

Daha çox