Global Art
XəBəRLəR

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

Heydər Əliyev Mərkəzində həftənin əsas tədbiri – “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi keçirilib. Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən126 türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.

Açılış mərasimində, həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətləri oxunub.

Sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

"Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın - ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik. İnanıram ki, keçiriləcək görüşlər yeni elmi təfəkkürün, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək", - deyə nazir diqqətə çatdırıb.

Adil Kərimli, həmçinin bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin tədbirləri Qarabağda - Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək.

Nazir vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir.

"İnanırıq ki, bu qurultay Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq", - deyə o qeyd edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib: “Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və “Türk Dünyası – 2040” vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir".

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlığın təməlində ortaq tarix, dil və mədəni irs dayanır.

Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının ortaq kimliyini və birliyini nümayiş etdirən tarixi hadisə idi.

Akademik vurğulayıb ki, türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb və bu yolda böyük maarifçilər, alimlər və ziyalılar mühüm xidmətlər göstəriblər. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi Birinci Türkoloji Qurultayın irsinin davamı kimi qiymətləndirilməlidir.

Akademik qeyd edib ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır və ölkə rəhbərliyinin Türk dünyasının birliyinə verdiyi dəstək ortaq dəyərlərin qorunmasına və inkişafına xidmət edir.

Çıxışlardan sonra Türk dünyasının tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Beynəlxalq konqres öz işini plenar iclas və panel sessiyalarla davam etdirib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.

Global Art

Daha çox