Global Art
XəBəRLəR

Bakıda dəniz təhlükəsizliyi və idarəçiliyinə dair müzakirələr aparılıb

Bakıda dəniz təhlükəsizliyi və idarəçiliyinə dair müzakirələr aparılıb

İyulun 21-də Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Təhlükəsiz keçid 2026” forumu keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən Liman Sığortası və Təkrarsığorta Brokerinin direktoru Xəlil Abbasov forumun bilik və təcrübə mübadiləsi aparmaq, tərəfdaşlığı möhkəmləndirmək və dənizçilik sektorunun gələcək inkişafına töhfə vermək üçün unikal imkan yaratdığını bildirib.

O qeyd edib ki, Azərbaycanın zəngin və qürurverici dənizçilik ənənəsi var: “Nəsillərboyu Xəzər dənizi ticarətin, iqtisadi inkişafın və regional əlaqələrin dəstəklənməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan dənizçilik infrastrukturuna, nəqliyyat şəbəkələrinə, logistika imkanlarına və dənizçilik təhsilinə investisiya qoymağa davam edir, beynəlxalq bazarları birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyini möhkəmləndirir”.

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi Səbuhi Orucov Azərbaycanın 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının (IMO) üzv olduğunu xatırladıb. O bildirib ki, bu müddət ərzində ölkə IMO-nun 20-dən çox konvensiya və protokolunu ratifikasiya edib: “Azərbaycan Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya (SOLAS), Gəmilərdən çirklənmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya (MARPOL), həmçinin Dənizçilərin hazırlanması, diplomlaşdırılması və növbə çəkməsinə dair Beynəlxalq Konvensiyasına (STCW) üzvdür. Eyni zamanda, Azərbaycan IMO üzvü Dövlətlərin Audit Sxemindən (IMSAS) uğurla keçərək beynəlxalq dənizçilik sənədlərinin effektiv şəkildə icrasına sadiqliyini nümayiş etdirib. STCW Konvensiyasının tam və effektiv şəkildə icrasının göstəricisi olaraq Azərbaycan IMO-nun “Ağ siyahı”sında yer alır”.

Dəniz Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Administrasiyasının rəhbəri, Dünya Dənizçilik Universitetinin (WMU) professoru Dimitrios Dalaklis qeyd edib ki, dənizçilik sahəsində süni intellektin tətbiqi üçün geniş imkanlar mövcuddur: “Bu gün müasir gəmilərdə istifadə olunan sensor texnologiyaları kifayət qədər yüksək inkişaf səviyyəsinə çatıb. Növbəti mərhələdə əsas diqqət mövcud məlumatların daha səmərəli emalına və onlardan düzgün istifadə edilməsinə yönəlməlidir. Bu baxımdan, qabaqcıl proqram təminatının və süni intellekt alətlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt vasitəsilə gəmilər ətraf mühit haqqında məlumatları daha sürətli təhlil edə, potensial riskləri əvvəlcədən müəyyənləşdirə və naviqasiya prosesinin daha təhlükəsiz həyata keçirilməsinə dəstək verə bilər”.

“GN Group Corporation”un gəmi brokeri Ahmet Çağrı isə kapitan peşəkarlığının yalnız gəminin təhlükəsiz idarə olunması ilə məhdudlaşmadığına diqqət çəkib. Onun sözlərinə görə, kapitanın hər bir qərarı gəminin təhlükəsizliyinə, səfərin səmərəliliyinə və gəmi sahibinin gəlirinə təsir edə bilər.

“Əsas məqsəd gecikmələr, mübahisələr və maliyyə itkiləri olmadan uğurlu səfər həyata keçirməkdir. Kapitanın işi yalnız gəmini idarə etmək deyil. Gəmidə qəbul edilən hər bir qərarın həm maliyyə, həm də hüquqi nəticəsi ola bilər. Buna görə də kapitan öz qərarlarının kommersiya tərəfini də bilməlidir. Digər vacib məsələ isə hazırlıq bildirişidir. Bu sənədin düzgün və vaxtında təqdim edilməsi çox önəmlidir. Çünki onun təqdim olunma vaxtı yükləmə və ya boşaltma üçün ayrılan müddətin başlanmasına təsir edir”, - deyə Ahmet Çağrı bildirib.

Yerli və xarici ekspertlərin iştirakı ilə iki gün davam edəcək forumun ilk günü dəniz təhlükəsizliyi, müasir dəniz idarəçiliyi, rəqəmsallaşma dövründə insan amili, gəmilərin təmiri və risklərin idarə olunması, donanmanın gələcəyi, dəniz nəqliyyatının karbonsuzlaşdırılması, eləcə də dəniz sığortası məsələləri müzakirə olunub. Həmçinin forum çərçivəsində “Müasir dəniz idarəçiliyi vasitəsilə təhlükəsiz naviqasiyanın təmin edilməsi”, “Rəqəmsallaşma dövründə insan amili”, “Dəniz sığortası: Yüklərin, gəmilərin və ekipajın qorunması” və digər mövzular ətrafında panel müzakirələri keçiriləcək.

Global Art

Daha çox