Global Art
BIZNES

Bakıda ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Bakıda ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Noyabrın 4-6-da Bakıda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 keçiriləcək.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirakı gözlənilir.

Tədbirə ümumilikdə 20 min ziyarətçinin qatılacağı proqnozlaşdırılır.

Sərgi ərəfəsində “PAŞA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında AIREX 2026-nın proqramı, iştirakçı şirkətlər, ziyarətçilər üçün yaradılan imkanlar və daşınmaz əmlak sektorunun inkişaf perspektivləri barədə məlumat verilib.

AIREX 2026 mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və ya daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxslərlə yanaşı, investorları və sektorun peşəkar iştirakçılarını da bir araya gətirəcək. Ziyarətçilər yerli və beynəlxalq layihələrlə tanış olmaq, onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək və şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanacaqlar.

"PAŞA Property Management" şirkətinin baş icraçı direktoru Tural Əliyev sərginin əhəmiyyətini şərh edərək bildirib ki, AIREX 2026 daşınmaz əmlak bazarının müxtəlif iştirakçılarını vahid platformada birləşdirmək və sektorun inkişafına töhfə vermək baxımından mühüm təşəbbüsdür. Onun sözlərinə görə, sərgi ilk mənzilini almaq, ailəsi üçün daha geniş ev seçmək və ya daşınmaz əmlaka investisiya qoymaq istəyənlərdən tutmuş, sahənin peşəkar iştirakçılarınadək geniş auditoriya üçün nəzərdə tutulub. Yerli layihələrlə yanaşı, xarici bazarlardakı imkanlarla maraqlanan ziyarətçilər də beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşə biləcəklər. Tural Əliyev qeyd edib ki, AIREX 2026 daşınmaz əmlak sektorunda əməkdaşlığın genişlənməsinə və yeni işgüzar əlaqələrin qurulmasına şərait yaradacaq.

"PAŞA Property Management" şirkətinin kommersiya direktoru Riad Salayev isə sərginin ziyarətçilər və sektorun peşəkar iştirakçıları üçün yaratdığı imkanlardan danışıb. O bildirib ki, tədbir iştirakçılara yerli və beynəlxalq daşınmaz əmlak layihələrinin konsepsiyası, infrastrukturu və inkişaf perspektivləri ilə yaxından tanış olmaq imkanı verəcək. Şirkət nümayəndələri ilə birbaşa ünsiyyət layihələrin xüsusiyyətlərini daha yaxşı anlamağa və onları şəxsi ehtiyaclara uyğun qiymətləndirməyə kömək edəcək. R.Salayevin sözlərinə görə, sərgi, eyni zamanda, daşınmaz əmlak bazarının iştirakçıları arasında peşəkar dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli platforma rolunu oynayacaq.

Üç gün davam edəcək AIREX 2026 çərçivəsində beş panel müzakirəsinin, şirkət təqdimatlarının və sektorda yeni yanaşmalara həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Proqramda Azərbaycanın şəhərsalma perspektivləri, yeni inkişaf layihələri, brend rezidensiyalar, premium yaşayış konsepsiyaları, şəhər və məhəllələrin planlaşdırılması, dayanıqlı tikinti, eləcə də maliyyə və texnologiya şirkətlərinin daşınmaz əmlak sektoru ilə əməkdaşlıq imkanları müzakirə ediləcək.

Sərgi ziyarətçilərə maraqlandıqları layihələrin nümayəndələri ilə birbaşa görüşmək, vacib detalları dəqiqləşdirmək, layihələri öz ehtiyaclarına uyğun qiymətləndirmək və mümkün əməkdaşlığın növbəti mərhələlərini müzakirə etmək imkanı yaradacaq.

AIREX 2026-nın sponsorları "PAŞA Real Estate Qrup" , "Baku City Residences" , "Sea Breeze" , "PMD Group" , Bakı Ağ Şəhər və ABB-dir. Sərgi “Times Consulting”in strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə təşkil olunacaq. Sərgiyə giriş ödənişsizdir. Ziyarətçilər daha sürətli giriş üçün əvvəlcədən qeydiyyatdan keçə və ya tədbirin keçirildiyi günlərdə sərgi məkanında qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumatı airex.az/az ünvanından əldə etmək mümkündür.

Daha çox