Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılan “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində oktyabrın 20-də Bakıda keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı işini yekunlaşdırıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, toplantıda dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər, qərarverici şəxslər və ekspertlər iştirak ediblər.
VIII Zirvə Toplantısında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib ki, müasir dünyada süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günümüzün reallığıdır. Onun sözlərinə görə, süni intellekt yeni imkanlar yaradır, qərarların qəbulunu sürətləndirir, böyük həcmdə məlumatların təhlilini asanlaşdırır və kibermüdafiə imkanlarını gücləndirir. Eyni zamanda, bu texnologiyalar təhlükəsizliklə bağlı ənənəvi yanaşmalarımızı yenidən nəzərdən keçirməyi tələb edir.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova qeyd edib ki, süni intellekt kibertəhlükəsizlik mənzərəsini sürətlə dəyişdirir. Bildirib ki, süni intellekt proqram təminatındakı zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyənləşdirilməsinə, kiberhücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir.
Estoniyanın Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok çıxışında son üç il ərzində süni intellektin qlobal miqyasda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini vurğulayıb. Bildirib ki, hökumətlər süni intellektin necə tənzimlənməsi, onun imkanlarından necə istifadə edilməsi və sürətlə dəyişən texnoloji mühitdə rəqabət qabiliyyətinin necə qorunub saxlanılması barədə düşünür.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov çıxışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı tələblərin formalaşdırıldığını və yaxın zamanlarda bu tələblərin qəbul olunmasına və dövlət qurumlarında tətbiqinə başlanılacağını diqqətə çatdırıb.
“Hedman” hüquq firmasında məlumatların məxfiliyi üzrə hüquq məsləhətçisi, Tallin Texnologiya Universitetinin süni intellekt və fərdi məlumatların mühafizəsi üzrə müəllimi Andres Ojaver çıxışında süni intellektin artıq təşkilatlarda istifadə olunduğunu bildirib.
Çıxışlardan sonra "Süni intellekt artıq hər yerdədir – Bəs, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər indi nə etməlidirlər?” mövzusunda panel müzakirə keçirilib.
Bildirilib ki, süni intellekt riskləri ayrıca bir idarəetmə dünyasına çevrilməməlidir. İnformasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər üçün başlanğıc nöqtəsi yenə də təşkilatın mövcud informasiya təhlükəsizliyi və risklərin idarə edilməsi çərçivəsidir. Lakin süni intellekt nəzərə alınmalı olan aktivləri və asılılıqları, təhdid ssenarilərini, risklərin başvermə ehtimalını və təsirini, eləcə də mövcud nəzarət mexanizmlərinin effektivliyini dəyişdirir.
Panel müzakirədən sonra "Avropa İttifaqı ilə tərəfdaşları arasında əməkdaşlıq yolu ilə ortaq risklərdən ortaq həllərə doğru: Əsas nəticələr və növbəti addımlar" adlı yekun mülahizələr təşkil olunub.
Qeyd edək ki, süni intellekt siyasətlərin, rəqəmsal infrastrukturun, inzibati qərarların qəbulunun və dövlət qurumlarının gündəlik fəaliyyətinin getdikcə daha geniş tərkib hissəsinə çevrilir. Onun tətbiqi dövlət xidmətlərinin səmərəliliyinin artırılması və kibermüdafiə imkanlarının gücləndirilməsi üçün əhəmiyyətli potensial yaratsa da, risk mühitini, texnoloji və təchizat zənciri asılılıqlarını, məlumatların idarəolunması üzrə tələbləri, habelə institusional məsuliyyət və hesabatlılığın mövcud strukturlarını yenidən formalaşdırır.
Toplantıda təhlükəsiz və etibarlı rəqəmsal hökumətin formalaşmasına dair mövcud prinsiplərin süni intellektdən istifadə olunan mühitdə necə tətbiq edilə biləcəyi, süni intellekt, kibertəhlükəsizlik və məlumatların idarəolunması üzrə formalaşmaqda olan Avropa tənzimləyici və siyasət çərçivəsinin institusional və əməli fəaliyyətə necə tətbiq olunduğu, habelə süni intellektlə bağlı risklərin mövcud informasiya təhlükəsizliyinin idarəolunması və risk idarəetməsi çərçivələrində necə sistemli şəkildə müəyyənləşdirilə, qiymətləndirilə, idarəoluna və monitorinq edilə biləcəyi müzakirə olunub. Etibarlı rəqəmsal hökumət, süni intellektin idarəolunması və kibertəhlükəsizlik üzrə Avropa ilə Azərbaycanın perspektivlərinin və təcrübəsinin mübadiləsinə xüsusi diqqət yetirilib.