Oktyabrın 3-dən 11-dək Bakıda payızın ən parlaq tədbirlərindən biri - hər il keçirilən Bakı Caz Festivalı baş tutacaq. 2026-cı ildə festivalın keçirilməsinin 21 ili tamam olur. 2005-ci ildə tanınmış saksofonçu və bəstəkar Rain Sultanov tərəfindən təsis edilən Bakı Caz Festivalı nəsilləri, mədəniyyətləri və dünyanın müxtəlif ölkələrinin caz ənənələrini birləşdirən körpüyə çevrilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “Baku Jazz Festival-2026” ərəfəsində festivalın direktoru Leyla Əfəndiyeva ilə söhbət edərək çoxdan gözlənilən bu tədbirin bəzi təfərrüatlarını öyrənib.
“Bu, uzun illərdir hər il ardıcıl olaraq keçirilən azsaylı festivallardan biridir və bununla çox fəxr edirik. Bu il festivalda 12-dən çox ölkədən sənətçilər iştirak edəcək. Bizi çox maraqlı açılış gözləyir. Açılışda həm azərbaycanlı musiqiçilərimiz, həm də çox maraqlı fransız caz ifaçıları bir araya gələcək. Rain Sultanov Dövlət Kamera Orkestri ilə birlikdə, İsfar Sarabski, eləcə də Fransanın “FR33 ROOTS” qrupu çıxış edəcək.
Həmçinin yeni onlayn caz radiomuzu təqdim edəcəyik. Bu radio yaxın vaxtlarda fəaliyyətə başlayıb və yalnız Azərbaycan cazını yayımlayır. Bu, bizim üçün çox mühüm hadisədir. Dünyada bir çox müxtəlif caz radioları var və onların hamısı Amerika və Avropa musiqisini yayımlayır. Biz isə məhz Azərbaycan caz radiosu yaratmaq qərarına gəldik. Bu radio Azərbaycan cazının nə olduğunu eşidib anlamaq, Rafiq Babayev, Vaqif Mustafazadə kimi sənətkarların, “Qaya” kimi qrupların adlarını və digər məlumatları öyrənmək üçün bir platforma olacaq.
Təbii ki, festival çərçivəsində həm Bakıda, həm də paytaxtdan kənarda müxtəlif konsertlər keçiriləcək. Bu il Xaçmazda da konsert təşkil edəcəyik. Biz çoxdan istəyirdik ki, Bakı Caz Festivalı yalnız paytaxtda deyil, ölkənin digər bölgələrində də keçirilsin. Bu il Azərbaycan Respublikasındakı ABŞ səfirliyi də buna təşəbbüs göstərdi. Onlar səyyar konsert təşkil etməyi təklif etdilər və buna görə onlara minnətdarıq. Düşünürük ki, bu, Xaçmaz sakinləri, xüsusilə də gənclər çox maraqlı olacaq”, - deyə müsahibimiz vurğulayıb.
O, həmçinin polşalı bas ifaçısı Voytek Piliçovski və alman rejissor Tomas Meltszerin festivalda iştirak edəcəyini qeyd edib.
“Voytek Piliçovski yüksəksəviyyəli bas ifaçıdır. Hamıya onun konsertinə getməyi tövsiyə edirəm.
Həmçinin vaxtilə “Azərbaycanın yeddi səsi” layihəsinin rejissoru olmuş alman rejissor Tomas Meltszerlə görüşümüz keçiriləcək. Bu, Rain Sultanovun təbiətdə səslərin necə yarandığından bəhs edən layihəsidir. Onlar birlikdə Lahıc, Qızılağac kimi bölgələrə səfər edib, Qobustanda olublar, Hirkan Milli Parkında çəkilişlər aparıblar. Sənədli film Berlin Sənədli Filmlər Festivalında nümayiş etdirilib. Tomas Meltszerlə Bakıda keçiriləcək görüş zamanı bu sənədli filmin 40 dəqiqəlik nümayişinin təşkili planlaşdırılır”, – deyə L.Əfəndiyeva bildirib.
O, həmçinin Bakı Caz Festivalı tarixində ilk dəfə festivalda Avstraliyadan bir qrupun iştirak edəcəyini söyləyib: “Bu, çox maraqlı “Eishan Ensemble” İran-Avstraliya etnocaz qrupudur. Əvvəllər nə Avstraliyadan, nə də İrandan festivalımızda iştirak edən olub”.
Festivalın direktoru bağlanış mərasiminə xüsusi diqqət çəkib.
“Festivalın son iki gününü İçərişəhərdə açıq havada keçirəcəyik. Açıq hava konsertləri gözəl Qız qalasının yaxınlığında keçiriləcək. Bu konsertlərə giriş sərbəst olacaq, istənilən şəxs qatıla biləcək.
Bizim hələlik açıqlamaq istəmədiyimiz bir sürprizimiz də olacaq. Amma hər şey planlaşdırdığımız kimi alınsa, festivalın bağlanışı çox möhtəşəm olacaq”, – deyə həmsöhbətimiz qeyd edib.