İyunun 27-29-da Banqladeşin Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik Şurasının üzvü Aysəba Umutlu konfrans çərçivəsində keçirilən “Yeni nəsil qadın sahibkarların və liderlərin yetişdirilməsi” adlı panel sessiyada Azərbaycanın üzləşdiyi mina probleminin miqyasından, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz bərpa və qayıdış prosesinin əhəmiyyətindən və bu proseslərdə qadınların rolundan danışıb.
Bu gün Azərbaycanda təxminən 1.5 milyondan çox minanın olmasını qeyd edən Aysəba Umutlu mina təhlükəsinin insan həyatı, icmaların sosial-iqtisadi inkişafı və dayanıqlı gələcək üçün ciddi çağırış olduğunu diqqətə çatdırıb. O Azərbaycanda ilk dəfə təmsil etdiyi təşkilatın - BAMF-in qadın minaxtaranlardan ibarət komandalarının yaradılmasını mühüm təşəbbüs kimi qiymətləndirib. Qeyd edilib ki, qadın minaxtaranlar Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə son üç il ərzində 800 hektara yaxın ərazini mina və partlayıcı sursatlardan təmizləyib və 115 ədəd piyadaəleyhinə, 295 ədəd tankəleyhinə mina və 400-dən çox partlamamış hərbi sursat aşkarlayıblar.
Qeyd edək ki, “Sosial Biznes Günü 2026” konfransı Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış beynəlxalq platformalardan biridir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai xadimlər, sosial biznes liderləri, beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Global Art