Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərgi açılıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Acarıstanın mədəniyyət naziri Eliso Bolkvadze, nazir müavinləri Vladimir Mqaloblişvili və İrma Abuladze, Acarıstan Ali Şurasının və Batumi Şəhər Şurasının üzvləri, diplomatik korpusun təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Nazir Eliso Bolkvadze Əsmər Nərimanbəyovanın beynəlxalq incəsənət məkanında qazandığı uğurlardan, onun Azərbaycan təsviri sənətinin dünyada tanıdılması istiqamətində göstərdiyi xidmətlərdən danışıb və ona Acarıstan Mədəniyyət Nazirliyinin təşəkkürnaməsini təqdim edib.
Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov görkəmli rəssam Əsmər Nərimanbəyovanın çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Əsmər Nərimanbəyovanın əsərləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, zəngin mədəni irsini özündə əks etdirərək beynəlxalq auditoriyaya uğurla təqdim edir. Rəssamın Fransa və digər ölkələrdə keçirdiyi sərgilər Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Əsmər Nərimanbəyova və Mədəniyyət Nazirliyinin rəsmiləri, həmçinin baş konsulluqda olublar. Görüş zamanı rəssamın uzun illər ərzində Fransa və Azərbaycanda həyata keçirdiyi yaradıcılıq fəaliyyəti, beynəlxalq sərgilərdə iştirakı, Avropa incəsənət mühitində qazandığı uğurlar və Azərbaycan təsviri sənətinin xaricdə təbliği istiqamətində gördüyü işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Əsmər Nərimanbəyova Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunudur. O, Azərbaycanın Əməkdar rəssamı, Fransa İncəsənət, Elm və Ədəbiyyat Akademiyasının medalçısı, UNESCO Assosiasiyasının üzvü olmaqla yanaşı, çoxsaylı beynəlxalq mükafatların laureatıdır. Rəssam dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə, beynəlxalq festivallarda və simpoziumlarda fəal iştirak edir və Azərbaycan təsviri sənətinin dünyada tanıdılması istiqamətində mühüm fəaliyyət göstərir.
Global Art