Global Art
XəBəRLəR

Brendon Stoun: Bakıda artıq özümüzü evimizdəki kimi hiss edirik

Brendon Stoun: Bakıda artıq özümüzü evimizdəki kimi hiss edirik

Gürcüəsilli alman musiqi prodüseri, müğənni və bəstəkar Brendon Stoun Azərbaycana tez-tez gəldiyini, hətta gələcəkdə burada mənzil almağı planlaşdırdığını bildirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sənətçi bu fikirləri “Sea Breeze”də keçirilən “DREAM FEST” beynəlxalq musiqi festivalının qırmızı xalçasında jurnalistlərə açıqlamasında səsləndirib.

“Mən burada mütləq ev almağı planlaşdırıram. “Sea Breeze”ə o qədər tez-tez gəlirik ki, bu, artıq zərurətə çevrilib. Düşünürəm ki, gələcəkdə burada mütləq mənzil alacağam”, – deyə o bildirib.

Musiqiçinin sözlərinə görə, Bakıya hər səfəri şəhərin tarixi mərkəzinə gəzinti ilə başlayır: “Düzünü desəm, ilk növbədə köhnə küçələrdə gəzirəm. Bu məkan mənə xüsusi enerji verir. Mən İçərişəhəri həqiqətən sevirəm. Orada gəzir, şəhərin ab-havasından və ləziz yeməklərindən zövq alırıq. Bakı pomidoru və “pomidor-yumurta” isə elə yeməklərdəndir ki, onu gündə üç dəfə də yeyə bilərəm”.

Müğənni qeyd edib ki, “DREAM FEST” artıq onun üçün dünyanın müxtəlif ölkələrindən olan dostları ilə görüş məkanına çevrilib: “Festivalın ab-havasını həqiqətən çox sevirəm. Dünyanın hər yerindən dostlarımız və tanışlarımız buraya gəlirlər. Bütün yaxınlarımızı burada bir araya toplayırıq. Hətta valideynlərimiz də festivala gəlirlər. Artıq burada özümüzü evimizdəki kimi hiss edirik”.

Global Art

Daha çox