Fiziki infrastruktur layihələrinin həyata keçirilməsi çox vacibdir. Lakin təkcə avtomobil, dəmir yolları, limanlar uğurlu iqtisadi əlaqələr yarada bilməz. Biznes sağlam biznes mühitində – şəffaf, proqnozlaşdırıla bilən, rəqabətədavamlı və investisiyaları cəlb etməyə qadir olan mühitdə inkişaf edir və gəlir gətirir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) idarəedici direktoru Ceyhun Atayev oktyabrın 21-də Bakıda keçirilən Aİ-Azərbaycan biznes-forumunun açılışı mərasimində çıxış edərək deyib.
“Biznes mühitini sağlam saxlamaq üçün biz bunu başa düşməliyik. Bizə etibarlı məlumat, vəziyyətin dürüst qiymətləndirilməsi və öyrəndiklərimiz əsasında hərəkət etmək istəyi lazımdır. Ümid edirəm ki, bugünkü forumun nəticələri bizə Azərbaycan bazarını daha yaxşı başa düşməyə, onu gücləndirmək üçün praktiki yolları müəyyən etməyə kömək edəcək. Azərbaycan şirkətləri, Avropa biznesləri və bizim sağlam iqtisadi gələcəyimizə sərmayə qoyan hər kəs üçün faydalı olacaq”, - deyə o qeyd edib.