Azərbaycan inkişaf etdikcə və dövlət institutlarını möhkəmləndirdikcə, fərdi xeyriyyəçilik ənənəsi tədricən humanitar yardım və inkişaf tərəfdaşlığını əhatə edən sistemli milli siyasətə çevrildi.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda söyləyib.
Nazir bildirib ki, bu davamlılıq xüsusilə təhsil sahəsində özünü aydın göstərir. XX əsrin ikinci yarısında Asiya, Afrika və Latın Amerikasından on minlərlə tələbə Azərbaycanın universitetlərində təhsil alıb. Bu gün həmin ənənə Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün proqramlar, eləcə də xarici diplomatlar üçün təlim proqramları vasitəsilə davam etdirilir.
C.Bayramov qeyd edib ki, ümumilikdə 120-dən çox ölkədən olan tələbələr Azərbaycanda təhsil alıb və ya hazırda təhsil almaqdadır.
"Azərbaycanın donor ölkə kimi meydana çıxması xüsusilə əhəmiyyətlidir, çünki bu proses ərazilərimizin işğal altında qaldığı bir dövrdə baş verib", - deyə C.Bayramov əlavə edib.