Global Art
XəBəRLəR

Daşkənddə başlayan “Dostluq” festivalı Özbəkistanda yaşayan xalqların nümayəndələrini bir araya gətirib

Daşkənddə başlayan “Dostluq” festivalı Özbəkistanda yaşayan xalqların nümayəndələrini bir araya gətirib

İyulun 23-də Daşkənddəki “Müstəqillik” monumentinin qarşısında açılışı olan “Dostluq” festivalı Özbəkistanda yaşayan xalqların nümayəndələrini, o cümlədən azərbaycanlıları bir araya gətirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Özbəkistan Respublikası Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlər Komitəsinin rəhbərliyi və əməkdaşları, milli mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin fəalları, dövlət və ictimai təşkilatların, medianın nümayəndələri, gənclər və geniş ictimaiyyət iştirak ediblər.

Qeyd olunub ki, son illərdə Özbəkistanda millətlərarası harmoniyanın və dini tolerantlığın möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi ardıcıl həyata keçirilir. Qarşılıqlı hörmət, dostluq və həmrəylik mühitinin yaradılmasına, vahid çoxmillətli ailə hissinin gücləndirilməsinə, gənclərin vətən sevgisi, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, xarici ölkələrlə mədəni və humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Məlum olduğu kimi, BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq, Beynəlxalq Dostluq Günü hər il iyulun 30-da bütün dünyada qeyd olunur. Bu tarix xalqlar arasında qarşılıqlı etimad, birlik, əməkdaşlıq və tolerantlığı təşviq etmək məqsədi daşıyır. Özbəkistanda bu bayram ənənəvi olaraq müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirərək Dostluq Həftəsi kimi qeyd olunur. Bu xoş ənənəni davam etdirərək, 23-31 iyul tarixlərində ölkədə “Dostluq” festivalı keçirilir.

Festival proqramına elmi-praktik konfranslar, mənəvi-maarifləndirici görüşlər, gənclər forumu, mədəni tədbirlər, milli mədəniyyət mərkəzlərinin iştirakı ilə konsert proqramları, sərgilər, yaradıcı dialoqlar və digər layihələr daxildir. Bu tədbirlər millətlərarası harmoniyanı və dini tolerantlığı daha da gücləndirməyə, xalqlar arasında dostluq əlaqələrini genişləndirməyə, Özbəkistanın sülhsevər siyasətini beynəlxalq aləmdə təbliğ etməyə və “Özbəkistan - ümumi evimiz” ideyasını irəli sürməyə yönəlib.

Global Art

Daha çox