Son illərdə həyata keçirilən tədbirlər, xüsusən də itkin-şəhidlərin şəxsiyyətinin eyniləşdirilərək dəfn mərasimlərinin təşkili bütün Azərbaycan vətəndaşlarında, o cümlədən itkin ailələrində böyük ümid hissi yaradıb. Lakin bu işlər məsuliyyət hissi və vicdanlı yanaşma ilə bərabər, ciddi maliyyə, maddi-texniki baza, müasir texnoloji vasitələrin və dəqiq səlahiyyət bölgüsünün tətbiqini tələb edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib.
O deyib ki, mina və partlamamış sursatlarla həddindən artıq çirklənmiş, mürəkkəb və sərt relyefli ərazilərdə, ağır hava şəraitində axtarış-qazıntı işləri aparan, həmçinin insan qalıqları ilə birbaşa təmasda olan komanda üzvlərinin də əməyi, xüsusən də onların sağlamlıqlarının qorunması vacib əhəmiyyət kəsb edir:"Məlumdur ki, İşçi qrupları bir qayda olaraq hər hansı məsələnin operativ həlli üçün qısamüddətli fəaliyyət məqsədilə yaradılır, status da qarşıya qoyulmuş vəzifənin icrasına uyğun tənzimlənir. Lakin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu artıq 33 ildir ki, fəaliyyət göstərir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 mindən artıq vətəndaşımızın itkin düşdüyünü və son illərdə onlardan yalnız 226 nəfərinin taleyinin müəyyən edildiyini nəzərə alsaq, Dövlət Komissiyasının İşçi qrupunun bundan sonra da uzun müddət fəaliyyət göstərməsi zəruridir",- deyə o qeyd edib.
Global Art