Latviya səfirliyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı çərçivəsində iyulun 17-də Bakı Fotoqrafiya Evində rəssam Əli Şəmsinin “Bir səma altında: Qafqaz dağlarından Baltik dənizinə qədər” adlı rəsm sərgisi açılıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə diplomatik korpusun nümayəndələri, sənətsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib ki, bugünkü sərgi Əli Şəmsinin yaradıcılığında yeni və fərqli bir mərhələni əks etdirir.
Səfir qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər rəssamın ənənəvi yaradıcılıq üslubundan seçilir: “Bu silsilə Əli Şəmsinin Latviyaya səfəri zamanı qazandığı təəssüratlar əsasında ərsəyə gəlib. Həmin səfərdən ilhamlanan rəssam Latviyanın təbiətinə həsr olunmuş 54 rəsm əsəri yaradıb. Bu əsərlərdə Baltik ölkəsinin füsunkar təbiəti Əli Şəmsinin özünəməxsus bədii baxışı və ifadə tərzi ilə əks olunub”.
Rəssam Əli Şəmsi çıxışında bildirib ki, incəsənətin sərhədi yoxdur və o, xalqları, mədəniyyətləri bir-birinə yaxınlaşdıran ən güclü körpülərdən biridir. Onun sözlərinə görə, rəssamlıq dili tərcüməyə ehtiyac duymayan universal bir dildir və insanları ortaq hisslər ətrafında birləşdirir.
Rəssam qeyd edib ki, Latviyaya səfəri zamanı bu ölkənin təbiətindən, rəng çalarlarından və atmosferindən ilham alıb. Məhz bu təəssüratlar nəticəsində ərsəyə gələn əsərlər vasitəsilə o, iki xalq arasında mədəni əlaqələrə öz yaradıcılığı ilə töhfə verməyə çalışıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, rəssam Əli Şəmsi Azərbaycanın müasir incəsənət nümayəndələrindən biridir. Onun rəsmləri zəngin rənglər və dərin emosionallıqla seçilir, vətəninin zəngin mədəniyyətindən və təbiətindən ilhamlanır. Əsərləri dünyanın aparıcı qalereyalarında nümayiş etdirilib və həm tənqidçilər, həm də kolleksiyaçılar tərəfindən tanınıb.
Əli Şəmsi 1985-ci ildən bəri Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Şəmsinin üslubunun unikallığı onun klassik Azərbaycan motivlərini innovativ elementlərlə ahəngdar şəkildə birləşdirmək, müxtəlif bədii zövqlərə malik tamaşaçılarla rezonans doğuran və onlar üçün əlçatan olan əsərlər yaratmaq bacarığındadır.
Global Art