Global Art
XəBəRLəR

Emin Ağalarov: Çalışırıq ki, hər bir “Dream Fest” əvvəlkindən daha yaxşı olsun

Emin Ağalarov: Çalışırıq ki, hər bir “Dream Fest” əvvəlkindən daha yaxşı olsun

Yeni müəllif layihəsi – podkast musiqi, incəsənət və biznes dünyasının tanınmış nümayəndələri ilə qeyri-rəsmi ünsiyyət üzərində qurulub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Dream Fest” Beynəlxalq Musiqi Festivalının təsisçisi Emin Ağalarov “Sea Breeze”in qırmızı xalçasında müsahibəsində bildirib.

“Özümü tamamilə rahat hiss edirəm. Bu, sadə dialoq formatıdır. Əsasən dostlarımdan, tanışlarımdan, yaxın dostlarımdan müsahibə alıram. Çox qeyri-rəsmi və əyləncəli alınır. Düşünürəm ki, belə format hər kəs üçün maraqlıdır, çünki hər hansı bir çaşdırıcı suallar verməyə çalışmıram. Musiqi, incəsənət və biznes dünyasından unikal insanlara çıxışım var, ona görə də faydalı olanı xoş olan ilə birləşdirirəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, podkastda artıq bir çox məşhur sənətçi iştirak edib, layihə isə sürətlə inkişaf etməyə davam edir: “Bu gün Eli Saab və həyat yoldaşı Kristina ilə əla podkast yazdıq. Sabah Stas Mixaylovla podkast olacaq. Düşünürəm ki, hər kəs üçün bizim nələr haqqında danışdığımızı eşitmək maraqlı olacaq. Yəqin ki, Qriqori Lepslə olan buraxılışı artıq eşitmisiniz. Ümumiyyətlə, bu formatı bəyənirəm və hələ ki, davam edəcəyəm”.

“Dream Fest”in inkişafından danışan E.Ağalarov təşkilatçıların hər il festivalın səviyyəsini yüksəltməyi qarşılarına məqsəd qoyduğunu vurğuladı: “Bu sualı mənə artıq on ildir verirlər. Biz çalışırıq ki, hər bir festival əvvəlkindən daha yaxşı olsun. Nəticəyə bir çox amillər təsir edir. Sadəcə bugünkü proqramı izləyin və alınıb-alınmayacağını özünüz başa düşəcəksiniz”.

Özbəkistanda oxşar tədbirin keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq, təsisçi bildirib ki, bu cür planlar artıq mövcuddur.

“Özbəkistanda “Sea Breeze”i hazırlayan kimi, festivalı mütləq orada da keçirəcəyik”, - deyə o əlavə edib.

Global Art

Daha çox