Global Art
XəBəRLəR

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusu ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusu ölkənin artan beynəlxalq nüfuzunun göstəricisidir

Azərbaycanın orta güc kimi tanınması son illərdə ölkənin siyasi, iqtisadi və diplomatik sahələrdə əldə etdiyi uğurların məntiqi nəticəsidir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də keçirilən müşavirədə Azərbaycanın artıq orta güc statusuna malik olduğunu bildirib və bu gün keçirilən konfrans da məhz həmin məsələnin elmi və praktiki aspektlərinin müzakirəsinə həsr olunub.

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində orta güc konsepsiyası ilə bağlı araşdırmalar 2020-ci ildən aparılır və bu istiqamətdə bir sıra elmi işlər nəşr olunub. Orta güc anlayışı beynəlxalq münasibətlər nəzəriyyəsində qəbul olunmuş konsepsiyalardan biridir və bu məsələ ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bununla belə, hər hansı dövlətin süni şəkildə özünü orta güc elan etməsi mümkün deyil. Bu status digər dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməli və təsdiqlənməlidir. Azərbaycanın orta güc kimi tanınması təbii prosesin nəticəsidir. Son 30 ildə ölkəmizin siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi uğurlar, xüsusilə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bu nəticəni şərtləndirən əsas amillərdir”, - deyə BMTM sədri vurğulayıb.

Onun sözlərinə görə, orta güc statusu Azərbaycanın yalnız öz regionunda deyil, regiondan kənarda da müəyyən siyasi və iqtisadi proseslərə təsir göstərmək imkanına malik olduğunu nümayiş etdirir. Bu, enerji və nəqliyyat layihələrində iştirak, regional təşəbbüslərin irəli sürülməsi, eləcə də müxtəlif beynəlxalq məsələlərdə vasitəçilik səyləri ilə özünü göstərir. Konfransın əsas məqsədi yerli və xarici ekspertlərin iştirakı ilə Azərbaycanın orta güc statusunun nəzəri və praktiki aspektlərini müzakirə etmək, bu istiqamətdə elmi yanaşmaları və araşdırmaları genişləndirməkdir.

Global Art

Daha çox