Global Art
XəBəRLəR

Mikayıl Cabbarov: 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

Mikayıl Cabbarov: 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.

Nazir qeyd edib ki, 2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq: “Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur”.

Daha çox