Mədəniyyət Nazirliyinin və Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə filarmoniyanın yay zalında “Dostluq” adlı konsert proqramı təqdim olunub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Özbəkistan ifaçılarının birgə çıxışlarının təqdim olunduğu mədəni tədbirdə dövlət və incəsənət xadimləri, elm və mədəniyyət nümayəndələri, tələbələr, media təmsilçiləri və yerli sakinlər iştirak ediblər.
Əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli çıxış edərək layihənin Azərbaycan və Özbəkistan xalqları arasında mədəni dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu cür təşəbbüslər iki qardaş xalqın zəngin mədəni irsinin qarşılıqlı təbliğinə, xüsusilə Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
O, həmçinin iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsində və strateji tərəfdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə çatdırılmasında göstərdikləri xüsusi diqqət və siyasi iradəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edib.
Azərbaycanın Xalq artisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov çıxışlarında Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə və qədim musiqi ənənələrinə əsaslandığını bildiriblər. Qeyd olunub ki, bu cür mədəni layihələr gənc nəslin milli irsə bağlılığının gücləndirilməsinə, xalqlarımız arasında tarixi-mədəni əlaqələrin gələcək nəsillərə ötürülməsinə, eləcə də iki ölkənin elm, mədəniyyət və incəsənət nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə verir.
Daha sonra tədbir rəngarəng musiqili-bədii proqramla davam edib. Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan və Özbəkistan mədəniyyətinin zəngin musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
Ümumilikdə, konsert proqramı Azərbaycan və Özbəkistan gəncləri arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə, iki qardaş xalqın mədəniyyətinin qarşılıqlı təbliğinə və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verən mədəni hadisə kimi qiymətləndirilib.
Global Art