ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu artırıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bank təchizat risklərini və Yaxın Şərqdə münaqişənin yenidən başlama ehtimalını əsas gətirərək bu addımı atıb. “Goldman Sachs” dekabr ayı üzrə “Brent” neftinin bir bareli üçün qiymət proqnozunu 85 dollardan 90 dollara qaldırıb.
Bankın analitikləri bildiriblər ki, Yaxın Şərqdə neft tədarükünün yeni şərtlərə uyğunlaşdırılması nəticədə qiymətləri aşağı sala bilsə də, münaqişələrin yenidən kəskinləşməsi qiymətlər üçün əhəmiyyətli dərəcədə yuxarı risk yaradır. Analitiklər neft qiymətlərində əks olunan geosiyasi risk mükafatının barel üçün 20 dollardan bir qədər yuxarı olduğunu qeyd edirlər.
“Goldman Sachs” ABŞ-Avropa daşınma xərclərinin yüksək olması səbəbindən qeyri-adi dərəcədə aşağı olan “Light” markalı xam neftin bir barelinin qiymətinin dekabr ayında orta hesabla 81 dollar, 2027-ci ildə isə 73 dollar olacağını proqnozlaşdırır.