Global Art
XəBəRLəR

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filmi nümayiş olunub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasiminin məqsədi Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, azərbaycançılıq məfkurəsinin və zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi və geniş təbliğinə töhfə verməkdir.

Real Təhlil İnformasiya Mərkəzinin istehsalı olan “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filmi Azərbaycanın ən yeni tarixinin xronologiyasını fərqli və unikal kinematoqrafik bədii ifadə vasitələri ilə izləyir.

“REAL TV”nin baş direktoru Mir Şahin Ağayevin müəllifi olduğu və Azərbaycan Respublikası Audiovizual Şurasının dəstəyi ilə istehsal edilən sənədli film müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyevin verdiyi müsahibələr, çıxışlar və nadir arxiv materialları əsasında hazırlanıb.

Təqdimat mərasimində çıxış edən Mir Şahin Ağayev bildirib ki, tarixi hər kəs bilməlidir: “Çünki tarix sadəcə fənn deyil, həm də dərsdir. Azərbaycan tarixini öyrənmək isə hər birimizin borcudur. Heydər Əliyev irsini, onun Azərbaycan dövləti üçün gördüyü işləri bilmək gənclərimiz və uşaqlarımız üçün olduqca vacibdir. Bu filmin əsas məqsədi həmin dövrü yaşamamış gənc nəslin o tarixi daha yaxından tanımasına və bu biliklərin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir. Filmdə Ulu Öndər Heydər Əliyevin müstəqilliyə münasibəti ilk müsahibəsindən son müsahibəsinədək əks olunur. Onun son müsahibəsində isə müstəqil Azərbaycanı gələcək nəsillərə əmanət kimi təqdim etməsi xüsusi yer tutur”.

Sənədli filmdə XX əsrin sonlarında baş vermiş qlobal siyasi dəyişikliklərə, Sovet İttifaqının süqutu, Azərbaycanın mürəkkəb ictimai-siyasi böhranlardan çıxışı və müstəqil dövlət quruculuğu prosesinə birbaşa tarixi faktlar və arxiv materialları vasitəsilə nəzər salınır.

Filmdə Azərbaycanın müasir tarixinin taleyüklü mərhələləri, dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi prosesi, milli dövlətçilik ideyasının inkişafı və Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif istiqamətləri əks olunub.

“Azərbaycanın dövlət müstəqilliyi necə bərpa olundu?”, “Dövlət necə quruldu, hansı mürəkkəb tarixi proseslərdən keçdi və ən əsası möhkəmləndi?” kimi suallarını filmdə Ulu Öndərin özü cavablandırır. 55 dəqiqəlik ekran işində Ümummilli Liderin müsahibələrini eksklüziv və unikal tarixi kadrlar müşayiət edir.

Ekran əsəri müasir Azərbaycan dövlətçiliyinin formalaşması tarixinin öyrənilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsinə xidmət edir.


Global Art

Daha çox