Global Art
XəBəRLəR

İordaniya Nümayəndələr Palatasının sədri: İqtisadi inkişaf sabitliyin şərtlərindən biridir

İordaniya Nümayəndələr Palatasının sədri: İqtisadi inkişaf sabitliyin şərtlərindən biridir

Biz çağırışların və böhranların artdığı bir vaxtda görüşürük. Belə ki, iqtisadi inkişaf artıq sabitliyin şərtlərindən birinə və suverenliyin mühüm sütununa çevrilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi deyib.

O bildirib ki, millətlər buraxdıqları dərin izlərlə və qəbul etdikləri qərarların müdrikliyi ilə ölçülürlər. Yaşadığımız bu dövrdə isə yeni əlamətlər meydana çıxır, dəyişikliklər baş verir və bu çağırışların qarşısını yalnız müdrik zəkalar, sarsılmaz iradələr və vahid bir söz ətrafında birləşən qəlblər ala bilər.

Nümayəndələr Palatasının sədri qeyd edib ki, hərtərəfli iqtisadi inkişaf haqqında danışarkən bunu yalnız rəqəmlər və göstəricilərlə məhdudlaşdırmaq olmaz. İnkişaf öz mahiyyəti etibarilə hərtərəfli sivilizasiya layihəsidir ki, onun da əsas məqsədi tikinti-quruculuqdan öncə insan amili, ədalət və davamlılıqdır. Bu inkişaf isə resursların idarə olunması, onların istehsalata və elmə yönəlməsi ilə ölçülür.

Global Art

Daha çox