Global Art
XəBəRLəR

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı bp şirkətinin Azərbaycan iqtisadiyyatına və enerji sektoruna töhfəsi vurğulanıb, həyata keçirilən birgə layihələrin regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu qeyd olunub. Qeyd edilib ki, enerji resurslarından səmərəli istifadə və bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir.

Görüşdə bp şirkətinin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı, regionda həyata keçirilən enerji layihələri, o cümlədən şirkətin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırdığı layihələr və qarşılıqlı tərəfdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər ölkəmizlə bp şirkəti arasında yeni tərəfdaşlıq istiqamətlərini müzakirə ediblər.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında sənədlər imzalanıb.

İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında imzalanmış yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin qabaqcıl təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.

“BP Exploration Limited” şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, innovativ həllərin tətbiqinə və Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, HPC (yüksək məhsuldarlıqlı hesablama) infrastrukturu böyük həcmli məlumatların və mürəkkəb hesablamaların çox qısa müddətdə emalı üçün yaradılan superkompüter infrastrukturudur. Bu infrastruktur süni intellekt, böyük verilənlərin analizi, geoloji və seysmik tədqiqatlar, neft-qaz yataqlarının modelləşdirilməsi, hava proqnozları, elmi araşdırmalar, kibertəhlükəsizlik və sənaye simulyasiyaları kimi yüksək hesablama gücü tələb edən sahələrdə istifadə olunur.

Global Art

Daha çox