Global Art
XəBəRLəR

Kənd təsərrüfatında rəqəmsal nəzarət və süni intellekt texnologiyalarının tətbiqi artırılır

Kənd təsərrüfatında rəqəmsal nəzarət və süni intellekt texnologiyalarının tətbiqi artırılır

Kənd təsərrüfatının inkişafına yönəldilən dövlət dəstəyi tədbirləri yalnız iqtisadi nəticələrə deyil, eyni zamanda sosial rifahın yüksəldilməsinə və ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aqrar sahəyə yatırılan investisiyalar çoxşaxəli təsirə malikdir və müxtəlif istiqamətlər üzrə müsbət nəticələr formalaşdırır.

“Biz kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi baxmırıq. Bu sahənin həm sosial, həm iqtisadi, həm də ekoloji əhəmiyyəti var. Aqrar sektora yönəldilən hər bir investisiya ümumi istehsal göstəricilərinin artmasına töhfə verməklə yanaşı, kənd yerlərində əhalinin gəlirlərinin formalaşmasına, məşğulluğun genişlənməsinə və ekoloji dayanıqlılığın gücləndirilməsinə xidmət edir. Buna görə də kənd təsərrüfatına kompleks yanaşmanın tərəfdarıyıq. Subsidiyalar aqrar siyasətin əsas dəstək alətlərindən biri olaraq fermerlərin istehsal fəaliyyətinin genişləndirilməsinə və investisiya imkanlarının artırılmasına yönəlib. Subsidiyalar istehsal xərclərinin müəyyən hissəsinin qarşılanmasına, fermerlərin kapital qoyuluşlarına marağının artırılmasına və təsərrüfatların gəlirliliyinin yüksəldilməsinə xidmət edir. Bu mexanizm aqrar istehsalın davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə subsidiyaların təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi məqsədilə müasir rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bir neçə ildir ki, kənd təsərrüfatında rəqəmsal monitorinq və peyk nəzarəti sistemlərinin qurulması istiqamətində işlər aparılır. Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi imkanları üzərində də fəaliyyət davam etdirilir. Cari ildə bu sahədə son sınaqlar həyata keçirilib və əldə olunan nəticələr uğurlu olub”, – deyə Zaur Əliyev bildirib.

Nazir müavininin sözlərinə görə, artıq bu ildən etibarən əkin sahələrinin monitorinqi, subsidiya mexanizmlərinin idarə olunması və nəzarət prosesləri daha geniş şəkildə rəqəmsallaşdırılacaq: “Əkinlərin düzgün aparılması, subsidiya alan təsərrüfatların fəaliyyətinin izlənilməsi və digər nəzarət mexanizmləri müasir texnologiyalar əsasında həyata keçiriləcək. Bu yanaşma şəffaflığın artırılmasına, dövlət dəstəyinin ünvanlılığının təmin olunmasına və nəzarət sisteminin daha effektiv təşkilinə imkan verəcək. Rəqəmsal nəzarət sistemlərinin və süni intellekt əsaslı həllərin tətbiqi nəticəsində aqrar sahədə idarəetmənin keyfiyyəti yüksələcək, subsidiya mexanizmlərinin səmərəliliyi daha da artacaq və mövcud problemlərin minimuma endirilməsi mümkün olacaq”.

Global Art

Daha çox