Birlik Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gələcək inkişafının, davamlı sülhə, inkişafa və ümumi rifaha nail olunmasının əsasını təşkil edir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə ŞƏT-in Zirvə Görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, builki görüş ŞƏT-in 25 illiyinə təsadüf edir və Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında keçirilir.
“Dörddəbir əsr ərzində ŞƏT sərhədlərdə etimadın möhkəmləndirilməsi mexanizmindən dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilərək öz səmərəliliyini və zəruriliyini sübut edib”, - deyə Sadır Japarov vurğulayıb.
Onun sözlərinə görə, hazırda ŞƏT-ə üzv dövlətlər dünya əhalisinin 40 faizindən çoxunu, qlobal ÜDM-in isə təxminən dörddəbirini təşkil edir.
S.Japarov bildirib ki, Qırğızıstanın sədrliyi dövründə 200-ə yaxın tədbir keçirilib. Bu müddət ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilib, iqtisadi və nəqliyyat əlaqəliliyi inkişaf etdirilib, mədəni-humanitar əlaqələr dərinləşdirilib, rəqəmsal inkişaf və süni intellekt məsələləri isə təşkilatın praktiki prioritetləri sırasına daxil edilib.
Prezident vurğulayıb ki, ŞƏT-in 25 illiyində üzv dövlətlərin ümumi vəzifəsi yalnız ötən dörddəbir əsrin yekunlarını nəzərdən keçirmək deyil, həm də təşkilatın tarixində davamlı sülh, birgə inkişaf və ümumi rifah səhifəsini açmaqdır.
“Əminəm ki, xalqlarımızın maraqlarına cavab verən razılaşdırılmış qərarlar hazırlaya biləcəyik. Qoy yubiley ili təşkilatımızın inkişafında yeni mərhələnin başlanğıc nöqtəsi olsun”, - deyə Sadır Japarov bildirib.
Sonda Qırğızıstan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının iclasını açıq elan edib.