Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iyunun 11-də növbəti iclası keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov bu il iyulun 5-dən 10-dək Bakıda keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Vurğulanıb ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.
İclasda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti tərəfindən 2023-cü və 2024-cü illər üzrə aparılmış səmərəlilik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlərə dair aidiyyəti dövlət orqanlarının gördüyü işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilib və müzakirə olunub.
Eyni zamanda, “Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi” hesabatı Koordinasiya Şurası tərəfindən təsdiqlənib və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilib.
Global Art