2 iyun 2026-cı il tarixində AYB Lənkəran Bölməsinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrında şair və publisist Vaqif Hüseynovun 90 illik yubileyinə həsr olunmuş “Mənə vaxt verin” adlı tədbir keçirilib.
Global Art Xeber24-ə istinadən xəbər verir ki, tədbirdə bölgə yazarları, ziyalılar, alimlər, incəsənət xadimləri, yubilyarın ailə üzvləri, qohumları və dostları iştirak ediblər.
Xalq artisti Qabil Quliyevin ifasında şairin şeirinin səsləndirilməsi ilə başlayan tədbir teatrın aparıcı aktrisası Aynur Əhmədovanın aparıcılığı ilə davam edib. Şairin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş olunduqdan sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli yubilyarın ömür yolu və ədəbi fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Rövşən Rəhimli çıxış edərək ŞİH başçısı Taleh Qaraşovun təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Tədbirdə yubilyarın bacısı oğlu, tanınmış şair və Milli Məclisin deputatı Elçin Mirzəbəyli, AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, LDU-nun professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Yədulla Ağazadə, şair-publisist Ağacəfər Həsənli, Əməkdar artist Sücəddin Mirzəyev, yazıçı-publisist Ələşrəf Niftiyev, yubilyarın nəvəsi, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun dekan müavini Nigar Məsimova və yazıçı-publisist Hafiz Mirza çıxış edərək Vaqif Hüseynovla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığından söz açıblar.
Şairin nəticəsi Asya, şəhid Taleh İsmayılovun övladları Yaqub və Yusif Vaqif Hüseynovun şeirlərini səsləndiriblər. Gənc şair Aqşin Fateh isə yubilyara həsr etdiyi şeirini təqdim edib.
Tədbirdə tanınmış müğənni Cavad Rəcəbovun, bəstəkar-musiqişünas Zəminə Taryelqızı və Aydan Əliyevanın ifasında səslənən mahnılar, həmçinin xalq artisti Qabil Quliyevin, teatrın aparıcı aktrisaları Gülər Kərimli və Ayşən Əsədovanın ifa etdikləri şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda yubilyarın qızı Xalidə Vaqifqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Global Art