Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri davam edir. Avropa Komissiyası Avropa şirkətlərinin Azərbaycanın iqtisadiyyatının strateji sektorlarına, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalarının cəlb edilməsi üzərində iş aparır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edərək deyib.
O bildirib ki, bu işdə Aİ-nin Azərbaycandakı nümayəndəliyi də fəal iştirak edir: “İnvestisiyalar üçün proqnozlaşdırılabilən şərait və bərabər rəqabət imkanları Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyətlidir”.
Onun sözlərinə görə, danışıqların artıq iki raundu - Brüsseldə və Bakıda keçirilib və proses davam edir. Aİ ilə Azərbaycan arasında enerji sektoru ikitərəfli əməkdaşlıqda mərkəzi rol oynamaqda davam edir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-nin mühüm enerji resursları təchizatçısıdır. Bununla yanaşı, bərpaolunan enerji, külək enerjisi və yaşıl keçid sahələrində əməkdaşlıq genişlənir.