Mərkəzi Bank fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqini genişləndirir, eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində həyata keçirilən rəqəmsal transformasiya prosesini dəstəkləyir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada deyib.
Vüsal Xəlilov bildirib ki, Mərkəzi Bankda süni intellekt, böyük verilənlər və digər innovativ texnologiyaların tətbiqi ilə bağlı müxtəlif layihələr icra olunur. Bu həllər daxili idarəetmənin təkmilləşdirilməsinə, məlumatların daha səmərəli emalına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edir.
O qeyd edib ki, rəqəmsal transformasiyanın əsas şərtlərindən biri dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi və vahid məlumat məkanının formalaşdırılmasıdır: “Müxtəlif dövlət qurumlarında toplanan məlumatların inteqrasiyası risklərin daha dəqiq qiymətləndirilməsinə, qərarların məlumatlara əsaslanaraq qəbul edilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq”.
Sədr müavini vurğulayıb ki, yeni texnologiyaların tətbiqi ilə yanaşı, insan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının artırılması da Mərkəzi Bankın əsas prioritetləri sırasında yer alır. Onun sözlərinə görə, müasir rəqəmsal infrastrukturun qurulması maliyyə sektorunun dayanıqlığının möhkəmləndirilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına töhfə verəcək.
Global Art