Oktyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün press-tur təşkil olunub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində media nümayəndələri muzeyin fəaliyyəti və zəngin ekspozisiyası ilə yaxından tanış olublar.
Press-tur zamanı iştirakçılar üçün muzey üzrə xüsusi ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində muzeyin kolleksiyasında qorunan sənət nümunələri, nümayiş etdirilən eksponatlar və sərgilər barədə ətraflı məlumat verilib, ayrı-ayrı əsərlərin tarixi və bədii xüsusiyyətlərindən bəhs olunub.
Proqramın davamında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ilə media nümayəndələrinin görüşü keçirilib.
Görüş zamanı muzeyin cari fəaliyyəti, qarşıdakı dövr üçün nəzərdə tutulan layihə və təşəbbüslər, eləcə də yeni mövsümün əsas prioritetləri barədə məlumat verilib. Muzeyin sərgi və maarifləndirmə fəaliyyətinin inkişafı, yeni layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunulub.
Tədbir proqramı çərçivəsində, həmçinin fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı olub.
Sərgidə müəllifin özünəməxsus yaradıcı baxışını əks etdirən fotoəsərlər yer alıb. Ekspozisiyada gündəlik həyatın müxtəlif məqamları fotoqrafın müşahidələri əsasında bədii rakursdan təqdim edilir, işıq və kölgə, əks və məkan arasındakı münasibətlər ön plana çıxarılır. Fotoəsərlər vasitəsilə müəllif adi görünən detallara fərqli baxış sərgiləyərək onların vizual və estetik ifadə imkanlarını araşdırır.