Global Art
XəBəRLəR

Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib

Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib

İyunun 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Sahibə Qafarova iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının təşkil olunduğunu xatırladıb. Bildirib ki, Parlament İttifaqının fəaliyyətini daha da təkmilləşdirməyə və üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı əlaqəni genişləndirməyə yönələn qərarlar qəbul edilib. Milli Məclisin sədri tədbirin ən mühüm yekunlarından birinin də Bakı Bəyannaməsinin qəbul edilməsi olduğunu söyləyib. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir.

Sonra Sahibə Qafarova bugünkü iclasda 14 məsələnin müzakirə ediləcəyini diqqətə çatdırıb. O, gündəliyin birinci məsələsinin – “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsinin beynəlxalq sənədlə bağlı olduğuna görə, müvafiq qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsini təqdim edib. O bildirib ki, “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb və 1 yanvar 1876-cı ildə qüvvəyə minib. Diqqətə çatdırılıb ki, 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir, 36 ölkə, o cümlədən Azərbaycan assosiativ dövlətlərdir. Metrik Konvensiya 14 maddədən, sənədin tərkib hissəsi olan Əlavə Qaydalar isə 22 maddədən ibarətdir. Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün çərçivə yaradaraq elm, ticarət və mühəndislik sahələrində istifadə olunan çəki və ölçülərlə bağlı beynəlxalq miqyasda vahidliyi təmin edib. Konvensiya əsasında fiziki ölçü qaydaları uzlaşdırmaq və tənzimləmək üçün üç əsas təşkilati struktur – Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitə və Çəkilər və Ölçülər üzrə Baş Konfrans təsis edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri növbəti məsələnin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş) olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.

O, dövlət büdcəsi ilə bağlı parlamentdə aparılan konstruktiv və məhsuldar müzakirələrin büdcə prosesinin təkmilləşməsinə xidmət etdiyini söyləyib. Müzakirələr zamanı deputatların səsləndirdiyi fikirlərin, Hesablama Palatasının təklif və tövsiyələrinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkəmizdə iqtisadi sahədə vahid dövlət siyasəti həyata keçirilir. Parlament bu siyasətin formalaşdırılmasında və icrasında mühüm rol oynayır. Ölkə Prezidentinin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatların şəffaflığın, hesabatlılığın və nəticə yönümlü büdcə siyasətinin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

İclasda maliyyə naziri Sahil Babayev çıxış edib. O, 2025-ci ilin dövlət büdcəsinin icrası nəticəsində ölkəmizin dayanıqlı inkişafının, maliyyə sabitliyinin və vətəndaş rifahının yüksəldilməsinin təmin edildiyini söyləyib. Son illərdə dünyada gedən mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının öz dayanıqlığını qoruduğunu, dövlət maliyyə sisteminin çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

B.Məhərrəmov Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, layihə ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, sənədə dair heç bir təklifin daxil olmadığını söyləyərək, onun səsə qoyulmasını xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumat verib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sənədə əsasən, "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu"nun yaradılması nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin növbəti 2 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Komitə sədri bildirib ki, Konstitusiya Qanununa təklif olunan dəyişiklik media sahəsində fəaliyyət göstərən tənzimləyici qurumun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar adının dəyişdirilərək "Media və Yayım Şurası" ilə əvəz olunmasını nəzərdə tutur.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması, eyni zamanda "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələ barədə Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini diqqətə çatdırdıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.

Komitə sədri bildirib ki, mütərəqqi xarakter daşıyan bu dəyişikliklər barədə layihənin birinci oxunuşda müzakirəsi zamanı ətraflı məlumat verilib. Layihədə əsasən iki istiqamətdə - vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin, həmçinin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və müzakirələrin keçirilməsinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təşkili üçün hüquqi əsasların yaradılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Dəyişikliklər barədə sənədin birinci oxunuşunda ətraflı məlumat verildiyini deyən komitə sədri layihə ilə bağlı komitəyə heç bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Bu qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Birinci oxunuşda müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Komitə sədri bildirib ki, layihənin əsas məqsədi psixiatriya yardımı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, şəxslərin hüquq və təhlükəsizliyinin daha effektiv təmin olunması və elektron səhiyyə sisteminin tətbiqidir.

Layihə birinci oxunuşda qəbul edilib.

Sonra “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov diqqətə çatdırıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Layihə birinci oxunuşda qəbul olunub.

Növbəti məsələni də Azər Əmiraslanov təqdim edib. Bildirilib ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb. Sənəd birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənədə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın artıq bir misli deyil, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Global Art

Daha çox