Milli Məclisin sədri Sahibə Qafarova iyulun 16-da ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Sahibə Qafarova Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edib. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksəksəviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Parlamentin sədri Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.
Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib. Parlamentlərarası əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirən Baş nazir, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Global Art