Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Nyu-Yorkdakı baş qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan İƏT-in fəal üzvüdür və Milli Məclis hazırda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqına sədrlik edir.
Qeyd olunub ki, İƏT Afrika, Asiya, Yaxın Şərq, Avropa və Amerika qitələrindən 57 dövləti bir araya gətirir. Bu coğrafiyanın gənc əhaliyə, tarixi təhsil mərkəzlərinə, mühüm ticarət yollarına, zəngin resurslara, dərin icma və həmrəylik ənənələrinə malik olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, İƏT-ə üzv ölkələrin bir çoxunun münaqişə və məcburi köçkünlük təcrübəsi yaşadığı bildirilib. Yoxsulluq, ərzaq və su təhlükəsizliyi, iqlim dəyişmələri cəmiyyətlərə əlavə təzyiq göstərir. Terrorizm, ekstremizm və islamofobiya isə qorxu və etimadsızlığın yaranmasına səbəb olur.
Milli Məclisin sədrinin sözlərinə görə, parlament diplomatiyası beynəlxalq danışıqları milli parlamentlərlə əlaqələndirməklə bu prosesə mühüm dəstək verə bilər.
Bu çərçivədə spiker Sahibə Qafarova BMT ilə Parlamentlərarası İttifaq (PAİ) arasında daha sıx əməkdaşlığın əhəmiyyətini qeyd edib. O bildirib ki, belə əməkdaşlıq beynəlxalq qərarların qəbulunu milli parlamentlərin fəaliyyəti ilə əlaqələndirir və əldə olunan sazişlərin insanlar üçün real nəticələrə çevrilməsinə kömək edir.
Sahibə Qafarova qeyd edib ki, rəsmi münasibətlər çətinləşdikdə belə, parlamentarilər əlaqələri davam etdirə, anlaşılmazlıqları azalda və dialoq imkanlarını qoruya bilərlər. PAİ regional parlament təşkilatları, o cümlədən İƏT Parlament İttifaqı ilə daha sıx əməkdaşlıq etməlidir. Bu əməkdaşlığın İƏT-in prioritetlərini qlobal müzakirələrə çıxarmağa, islamofobiya, irqçilik və dini nifrətə qarşı mübarizəni gücləndirməyə imkan verəcəyi bildirilib.
Görüşdə beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib, həmçinin beynəlxalq parlament təşkilatlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.