Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi xalqlarımız arasında mövcud olan qarşılıqlı hörmət və etimadın bariz nümunəsidir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Mozambik Respublikası Assambleyasının sədri Marqarida Talapa deyib.
O qeyd edib ki, bu gün dünya son dərəcə mürəkkəb çağırışlar və dərin dəyişikliklərlə üz-üzədir. Artan bərabərsizliklər və qlobal problemlər dövlətlər qarşısında yeni vəzifələr qoyur. Belə bir şəraitdə parlamentlərin və parlamentarilərin rolu getdikcə daha da artır.
“Biz elə qanunlar qəbul etməliyik ki, davamlı iqtisadi inkişaf üçün əlverişli şərait yaratsın və dövrün çağırışlarına adekvat cavab versin. Çünki gələcəyin zənginliyi insanların rifahının yüksəldilməsi və mövcud imkanların daha geniş inkişaf perspektivlərinə çevrilməsi ilə ölçülür. Düşünürəm ki, parlamentlərarası əməkdaşlıq daha da gücləndirilməlidir. Bunun üçün qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq təşəbbüslərin təşviqi mühüm əhəmiyyət daşıyır”, - deyə Marqarida Talapa vurğulayıb.
Global Art