Global Art
XəBəRLəR

Nazir: Enerji keçidi neftin qlobal enerji sistemindəki rolunu azaltmır

Nazir: Enerji keçidi neftin qlobal enerji sistemindəki rolunu azaltmır

Qlobal enerji keçidinin sürətlənməsinə baxmayaraq, neft uzun illər dünya iqtisadiyyatının və enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalacaq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov OPEC+-un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda qlobal enerji bazarı geosiyasi gərginliklər, regional münaqişələr, iqtisadi transformasiyalar və təchizat zəncirində yaranan problemlər fonunda mürəkkəb dövrdən keçir.

“Belə şəraitdə enerji təhlükəsizliyinin təmin edilməsi, bazar sabitliyinin qorunması və proqnozlaşdırıla bilənliyin artırılması beynəlxalq əməkdaşlığı daha da vacib edir. Neftə tələbat yüksək olaraq qalır və hasilatın yuxarı seqmentinə investisiyaların azalması gələcəkdə qiymət şokları riskini artıra bilər”, - deyə o qeyd edib.

Pərviz Şahbazovun sözlərinə görə, ötən il dünyada bərpaolunan enerji üzrə quraşdırılmış güclərin 15,5 faiz artmasına baxmayaraq, bu, karbohidrogenlərin qlobal enerji balansındakı rolunu azaltmayıb: “Əksinə, artan enerji tələbatı fonunda bərpaolunan enerji mənbələri mövcud enerji sistemini tamamlayıb. Bu tendensiya enerji keçidinin enerji mənbələrinin bir-birini əvəz etməsi deyil, onların qarşılıqlı şəkildə tamamlanması prosesi olduğunu bir daha təsdiqləyir”.

Global Art

Daha çox