Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxış bizim əsas istiqamətləndirici prinsipimizdir. Bu yanaşma enerji təhlükəsizliyini yaşıl keçidlə uzlaşdırır, Azərbaycanın mövcud enerji potensialından istifadə etməklə dayanıqlı və aşağıkarbonlu enerji sisteminin qurulmasını, eyni zamanda, şaxələndirilmiş enerji bağlantıları vasitəsilə ölkəmizin regional yaşıl enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsini nəzərdə tutur.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılış mərasimindəki çıxışında energetika naziri Pərviz Şahbazov deyib.
P.Şahbazov bildirib ki, hazırda təxminən 8 giqavat Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq olunur, sistemin çevikliyi artırılır və yeni interkonnektorlar yaradılır: “Nəticələr artıq özünü göstərir. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, Günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağını gözləyirik. Gələn ilin sonunadək təxminən 2 giqavat həcmində Günəş və külək enerjisi gücünün elektrik şəbəkəsinə inteqrasiyası nəzərdə tutulur ki, bu da ildə 2,4 milyon ton emissiyanın azalmasına imkan verəcək”.
“Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl keçidinin əsas istiqamətlərindəndir. Burada yenidənqurma, enerji və iqlim siyasətləri bir araya gəlir. Naxçıvanda yaşıl enerji zonası konsepsiyasının həyata keçirilməsi istiqamətində də ardıcıl addımlar atırıq. Digər strateji prioritet isə regional və regionlararası bağlantılar vasitəsilə yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasıdır. Ümumi gücü 3900 meqavat olan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırılması layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib. 2032-ci ildən etibarən bu dəhlizin ilk mərhələsinin, eləcə də Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Bağlantısının fəaliyyətə başlaması gözlənilir. Türkiyə və Avropa istiqamətində Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan regionu vasitəsilə yeni yaşıl enerji dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində konkret addımlar atılır. Yaratdığımız şaxələndirilmiş enerji bağlantıları Azərbaycandan kənarda daha geniş coğrafiyada regionlararası enerji təhlükəsizliyinin gücləndirilməsinə və emissiyaların azaldılmasına töhfə verəcək", - deyə nazir əlavə edib.