Azərbaycan üçün mina çirklənməsinin nəticələrinin aradan qaldırılması, sadəcə, ərazilərin minalardan təmizlənməsi məsələsi deyil. Bu, ilk növbədə, insan həyatının qorunması, ləyaqətin bərpası, insanların təhlükəsiz şəkildə yaşayış yerlərinə qayıtmasının təmin edilməsi və bu təhlükədən zərər çəkmiş hər bir şəxsin həyatını yenidən qurmaq imkanına malik olması deməkdir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" mövzusunda panel müzakirədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan hərtərəfli və insan amilinə əsaslanan sosial siyasət həyata keçirir. İnsan rifahı, sosial ədalət və inklüzivlik dövlət siyasətinin əsas prioritetləri sırasında yer alır. Bu öhdəlik mina qurbanlarına, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və onların ailələrinə də tam şamil olunur: “Altı il əvvəl Azərbaycan tarixi Zəfər əldə edərək beynəlxalq səviyyədə tanınmış ərazilərini təxminən 30 il davam edən işğaldan azad etdi. Bu, tarixi ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üçün şərait yaratdı. Lakin işğalın nəticələri hələ də ciddi problemlər yaradır. İnfrastruktur, yaşayış məntəqələri və mədəni irs obyektləri geniş şəkildə dağıdılıb, ərazilər isə minalar və müharibənin partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndirilib. Həmin çirklənmə insanların həyatını təhdid etməkdə, vətəndaşlarımızın təhlükəsiz şəkildə geri qayıtmasına mane olmaqda, həmçinin bərpa və dayanıqlı inkişaf prosesini ləngitməkdə davam edir”.
Hidayət Abdullayev vurğulayıb ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti ilə paralel olaraq genişmiqyaslı quruculuq və inkişaf işləri həyata keçirir. Yeni şəhərlər, qəsəbələr və kəndlər salınır, doğma torpaqlarına qayıdan icmaların təhlükəsiz, ləyaqətli və davamlı həyat sürməsi üçün zəruri şərait yaradılır. “Eyni zamanda, biz anlayırıq ki, yalnız fiziki infrastrukturun bərpası kifayət deyil. Mina qurbanlarının cəmiyyətə uğurlu reinteqrasiyası hərtərəfli sosial müdafiə, reabilitasiya, məşğulluq, təhsil və iqtisadi imkanların genişləndirilməsi sistemini tələb edir. Son 7 ildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və bu məqsədlər üçün illik əlavə 8 milyard manat vəsait ayrılıb. Bu islahatlar mina qurbanları və onların ailələri də daxil olmaqla sosial müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət, həmçinin mənzil, mobillik və təhsil sahələrində genişmiqyaslı dəstək göstərib. Müvafiq kateqoriyalara aid şəxslərə 16 mindən çox mənzil təqdim olunub. Onlardan 7 min 300-ü Vətən müharibəsindən sonra verilib. Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan 7 min 700 şəxs dövlət hesabına nəqliyyat vasitəsi ilə təmin edilib”, - deyə o qeyd edib.
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan müasir və əlçatan reabilitasiya sisteminin yaradılması istiqamətində də mühüm irəliləyiş əldə edib: “15 reabilitasiya müəssisəsi, eləcə də protez-ortopedik məmulatların istehsalı və reabilitasiya mərkəzləri stasionar, ambulator, icma əsaslı, səyyar və onlayn xidmətlər vasitəsilə tibbi, sosial və psixoloji reabilitasiya xidmətləri göstərir. Vətən müharibəsi başa çatdıqdan sonra müharibə ilə əlaqədar əlilliyi olan 3 min 800-dən çox hərbi qulluqçu reabilitasiya və psixoloji dəstək alıb. Təxminən 2 min 500 nəfər 100 min reabilitasiya vasitəsilə təmin edilib. Ətraflarını itirmiş 500-dən çox hərbi qulluqçuya isə 624 müasir protez təqdim olunub. Avqustun 1-nə olan məlumata görə, müharibədən sonrakı sosial dəstək paketi çərçivəsində 132 min şəxsə 435 min xidmət göstərilib. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində dövlət tərəfindən maliyyələşdirilən reabilitasiya vasitələrinin çeşidi də demək olar ki, dörd dəfə artırılaraq 34-dən 130-a çatdırılıb”.
Hidayət Abdullayev deyib ki, məşğulluq və sosial müstəqillik də davamlı reinteqrasiyanın mühüm şərtləridir. “Vətən müharibəsi başa çatdıqdan sonra şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da daxil olmaqla 30 min 500 ailə üzvü məşğulluq dəstəyi ilə əhatə olunub. Onlardan 13 min 500 nəfər kiçik ailə bizneslərinin yaradılması üçün aktivlərlə təmin edilib, 1600 nəfər isə peşə hazırlığı proqramlarında iştirak edib. Dövlət, həmçinin minatəmizləmə əməliyyatları zamanı həyatını itirən şəxslərin ailələrinə xüsusi diqqət yetirir. Onlara aylıq Prezident təqaüdünün ödənilməsi və övladlarının təhsil haqlarının qarşılanması da daxil olmaqla məqsədyönlü sosial yardım göstərilir", - deyə nazir müavini bildirib.