Global Art
XəBəRLəR

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir

İtkin düşmüş hər bir insanın arxasında bir ailənin faciəsi, illərlə cavabsız qalan suallar və tükənməyən ümid dayanır. Azərbaycan bu humanitar problemlə 30 ildən artıqdır ki, üz-üzədir. Postmünaqişə dövründə davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən birinin məhz bu problemin həlli olduğunu bilirik.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir müavini qeyd edib ki, silahlı münaqişələr zamanı insanların itkin düşməsi yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciədir: "BMT-nin Baş katibinin 2025-ci ilin may ayında təqdim etdiyi "Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" hesabatında da dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir. Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq, habelə onların taleyini aydınlaşdırmaq üçün dövlətlərin üzərinə ciddi öhdəliklər qoyur. 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokolları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, həlak olanların axtarılması, insan qalıqlarının eyniləşdirilməsi və onlarla ləyaqətlə davranılmasını tələb edir. Təəssüf ki, Azərbaycanın üzləşdiyi reallıq bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir. İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Bunun sübutu olaraq, Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. Hərbçilərimizin bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçirilib. Hazırda sülh prosesi çərçivəsində də bu məsələ diqqət mərkəzindədir".

Global Art

Daha çox